Ermənistanda seçki komediyası!
Ermənistanda seçki komediyası!

Və ya prezidentə qarşı sabiq prezidentlər: bir aktyorun teatrı

Ermənistanın sabiq prezidenti Robert Köçəryan "Mediamaks" agentliyinə verdiyi eksklüziv müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirib. "Ölkədəki siyasi situasiya o qədər maraqsızdır ki, bu müsahibənin yeganə səbəbi sizin suallarınızı cavablayacağıma söz verməyimdir. Təbii, bilirəm ki, ölkədə keçiriləcək prezident seçkilərində mümkün iştirakımla bağlı müəyyən gözləntilər vardı. Seçkilərə qatılmaq niyyətində olduğumu heç zaman bəyan etməsəm də, istənilən halda əməllərimi izah etmək məcburiyyətində olduğumu demək istərdim. Məni aktiv siyasətə qayıtmaq fikrindən vaz keçməyə vadar edən üç məqam var.

Əvvəla, əslən qarabağlı olan köhnə tərəfdaşlar arasındakı mübarizə mənim üçün yolverilməz olmaqla yanaşı, çoxlarını çətin seçim qarşısında qoya bilərdi və bu da ən müxtəlif spekulyasiyalara səbəb olardı. Üstəlik, indiki prezidenti bir zamanlar varisim qismində mən seçmişəm. Onun vəzifəsində qalmaq istəyini də anlayıram. İkincisi - hakimiyyət uğrunda mübarizə aparan üç prezident təki çox xoşagəlməz və əminəm ki, ölkə üçün zərərli olan formatın yaranmasını istəməzdim.
Və ən nəhayət: Ermənistanda siyasi kompromis axtarışları xırda-xuruş siyasi alverə çevrilib. Bu isə vaxt, bilik və təcrübəmi sərf etmək istədiyim iş deyil. Təbii, amillər fundamental olmasa da, onları emosional və etik baxımdan yetərli sayıram", - Robert Köçəryan deyib.
Köçəryan daha sonra bildirib ki, Ermənistandan vətəndaşların başqa ölkələrə axını sürətlə artır və bu, artıq ənənəvi əmək miqrasiyası deyil. O, çox məqamlara toxunub və müsahibəni bütünlüklə iqtibas gətirməyə ehtiyac görmürük. Önəmli olan Ermənistanın ikinci prezidentinin cəmiyyətə və xüsusilə də varisi, indi ölkəni guya idarə edən Serj Sarkisyana yolladığı ismarıclardır.
Köçəryan da artıq etiraf edir ki, Ermənistanı durğunluq, ətalət və hətta fəlakət dövrü gözləyir.
Ölkədə keçiriləcək prezident seçkiləri bir aktyorun teatrına çevriləcək. Bu, Sarkisyan hakimiyyəti üçün çox yaxşı olsa da, cəmiyyət və ermənilər üçün çox pisdir. Təbii, prezident seçkilərində normal bir yana qalsın - anormal rəqabət belə, olmadığına görə Sarkisyan iqtidarı özünü çox rahat hiss edə bilər. Amma Ermənistanın təhlükəsizliyi çox ciddi təhdid altında olacaq.
Robert Köçəryan ölkədə siyasi situasiyanın olmamasından danışır, gileylənir, sonra da Sarkisyana minnət qoyaraq buyurur ki, bəs köhnə dostluğu nəzərə alaraq rəqabətə başlamır. Üstəlik, o, Sarkisyanı hakimiyyətə gətirdiyini də bir daha xatırladır.
Robert Köçəryanın əxlaq, mənəviyyat, siyasi doktrina və ya demokratik dəyərlərdən danışmasının özü əxlaqsızlıqdır. Çünki Dağlıq Qarabağda minlərlə azərbaycanlının qətlə yetirilməsində, qanlı terror aktlarında günahkar olan bu yaramaz Ermənistanda hakimiyyətdə olanda rəqib bildiyi hər kəsə divan tuturdu. Yerevanda parlament binasındakı gülləbaranı xatırlamaq yetər.
Ermənistandakı siyasi vəziyyətin indiki həddə çatmasının da başlıca suçlularından biri müxalifəti ən müxtəlif repressiya və təqiblərə məruz qoyan, seçkiləri saxtalaşdırmağı məşğuliyyətə çevirən, Ermənistanı Rusiyanın quberniyasına döndərən, işğalçılıq və terrorçuluğu siyasət sayan adam da Köçəryan idi. O, guya əslən Dağlıq Qarabağdan olan Ermənistan vətəndaşlarını çətin seçim qarşısında qoymaq istəmir. Köçəryan bu minvalla sadəlövhləri nəyəsə inandırmağa çalışmaqla yanaşı, elə həmin qarabağlı ermənilərə mesaj yollayaraq əsl liderlərinin məhz özü olduğunu unutmamalarını tapşırır.
Aktiv siyasətə qayıdış və prezident seçkilərində iştirakla bağlı şayiələri yayanlar da Köçəryanın maliyyələşdirdiyi kütləvi informasiya vasitələri ilə yanaşı, onun tam nəzarətindəki "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan ilə bu yığnağın mənsublarıdır.
Ermənistanın siyasət müstəvisindəki fiqurların əksəriyyəti yüngül əxlaqlı qadınlar təki davrandığından yeni arenanın yaranmasına, münasibətlərin formalaşdırılmasına və siyasi təmasların "əmtəə-pul-əmtəə" marşrutundan çıxarılmasına dərin ehtiyac var.
"Üç prezident" formatının yolverilməzliyindən və təhlükəli olmasından danışan Robert Köçəryan faktları qəbul etmək istəmədiyini aşkar göstərir.
Sivil və demokratik dövlətlərdə sabiq dövlət başçılarının yenidən siyasətə qayıtmaları, habelə prezident seçkilərinə qatılmaları normal haldır. Bunu şərtləndirən ünsür cəmiyyətin ifrat radikallaşmaması, "bizimlə olmayan bizə qarşıdır" anlamını həyat prinsipinə döndərmiş siyasi manyakların cəmiyyətin liderliyinə iddialı olmamaları, habelə siyasi mübarizənin məhz sivil formalarda aparılmasıdır.
Ermənistanda bəlli, siyasi qarşıdurmalar ölüm-dirim mübarizəsidir. Belə toqquşmalarda "dirim" hakimiyyətin siyasətçiyə əta etdiyi resurslardan varlanmaq və qüdrət üçün yararlanmaq, ətrafında sadiq "həmfikirlər" sürüsü formalaşdırmaq, habelə vətəndaşları ram edərək onları iqtidarı dəstəklədiklərinə inandırmaqdır.
Onu da unutmayaq ki, məhz Robert Köçəryanın hakimiyyətdə olduğu illərdə Ermənistan iqtisadiyyatının çökməsi sürətlənmişdi və bu adamın iqtisadiyyatdakı yeganə "uğur"u xarici dövlət borcunun artması ilə mühacirətin sürətlənməsi idi.
Köçəryan mühacirətin artmasından və prosesin artıq əmək miqrasiyası olmadığından danışır. Söz yox, postsovet məkanında insanlara yalan danışan, riyakarlığı mövcudluq prinsipinə və qaydasına çevirən siyasətçilərin sayı bilinmir. Fəqət, Ermənistandakı istənilən insandan Köçəryanla iqtisadiyyat, habelə mühacirət arasında nə kimi əlaqənin olduğunu soruşsaq, aldığımız cavabın emosionallığına şübhə yoxdur.
2008-ci ildən bəri Serj Sarkisyanın yürütdüyü siyasətin məhvər prinsipini də məhz Köçəryanın taktiki irsi, yəni hakimiyyətin qorunması və iqtidarın mühafizə edilməsi anlamı təşkil edir.
Ən nəhayət, "Mediamaks"a müsahibə verməklə Köçəryan böyük siyasətə qayıdışını istisna etməyib. Onun müsahibəsi Serj Sarkisyana ünvanlanmış xəbərdarlıq, habelə müxalifətə yönəlmiş mesajlardı və sabiq prezident hələlik üstüörtülü şəkildə qayıdışının tam mümkünsüz məsələ olmadığını vurğulayıb.
Ermənistandakı indiki daxili siyasət reallıqlarında, yəni ənənəvi müxalifət modelinin darmadağın olduğu və yeni alternativin (ermənilərin yeni müxalif qüvvə qismində "Çiçəklənən Ermənistan" Partiyasına olan ümidlərinin puç olması, Vardan Oskanyanın mübarizədən geri çəkilməsi və s.) də böyük səs-küydən sonra yerə yatmasından sonra üçüncü qüvvədən danışmaq tezdir. Hətta çox tezdir, çünki həmin qüvvənin nəinki özü - onun varlığına dəlalət edə biləcək nişanələr belə yoxdur. Ona görə də prezident seçkiləri yaxınlaşdıqca Sarkisyan iqtidarı daha da cəsarətlənəcək, absolyut və monolit hakimiyyət piramidası qurmağa çalışacaq. Yerevandakı iqtidar bu minvalla cəmiyyətdəki protest əhvallı ünsürləri tamamilə taqətdən salaraq istədiyini etmək və ölkəni də ağlı çərçivəsində idarə etmək niyyətindədir.
Situasiyanın normal nəzarətdə saxlanması baxımından siyasi rəqabətin mühüm şərt olduğu şübhə doğurmur. Lakin vəziyyət nisbidir, çünki hər rəqabət vəziyyəti cəmiyyətin nəzarətində olan duruma çevirmir. Məsələn, cəmiyyətin sadəcə alət kimi istifadə olunduğu rəqabət də olur. Ermənistan Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun və "Çiçəklənən Ermənistan" Partiyası arasındakı saxta qarşıdurmalar məhz belə rəqabət tipidir.
Prezident seçkilərində Serj Sarkisyanın iki rəqibi var. Onlar sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Hovanisyan və keçmiş baş nazir Qrant Baqratyandır. Bu adamların əlaltıları və qohumlarından savayı onları Ermənistanda kimsə ciddi siyasi fiqur saymadığından Robert Köçəryanın müsahibəsi təsadüfi deyil.
Sarkisyanın prezident seçkilərini bir aktyorun teatrına döndərmək planlarına qarşı "bir aktyorun mesajları" tipli açıqlama ilə çıxış edən Köçəryan faktiki olaraq müxalifət və hakimiyyətdən eyni uzaqlıqda durduğunu göstərdi.
Ən mühümü isə o, ölkənin demokratikləşdirilməsini və islahatlar aparılmasını tələb edən Qərblə hər şeyin olduğu kimi qalmasını, hətta Yerevanın asılılıq səviyyəsinin daha da artmasını istəyən Moskva və Tehran arasında ləngər vurduğunu da göstərdi.
Köçəryan bu dəfə açıq danışmasa da, məqsəd və planlarını konkret şəkildə ortaya qoydu. O, Ermənistanda söz sahibi olduğuna, hakimiyyətə gəlmək üçün müxalifətə bel bağlamaq əvəzinə, müxalifətə qarşı mübarizə apararaq iqtidardan kənar düşmək istəməyənləri ətrafına yığa biləcəyinə işarə vurdu.
Amma Köçəryan hələlik aktivləşmək niyyətində deyil. Deyəsən, Moskva onu ehtiyat fiqur qismində saxlamağa qərar verib.

Novruz Sultanov