Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici KİV-lər üçün keçirdiyi mətbuat konfransı barədə analitik məqalə yayıb.

Unikal.org xəbər verir ki, agentliyin İstanbul müxbiri Ryo Yoşiokanın müəllifi olduğu “Qalib Azərbaycan böyük qayıdışa hazırlaşır” adlı məqalədə Azərbaycan Prezidentinin 4 saatdan artıq davam edən mətbuat konfransı barədə ətraflı məlumat verilir. Bildirilir ki, Xocalı soyqırımının 29-cu ildönümündə keçirilən mətbuat konfransında Prezident İlham Əliyev jurnalistlərin suallarını Azərbaycan, türk, rus və ingilis dillərində tərcüməçilərə ehtiyac duymadan cavablandırıb.
Məqalədə mətbuat konfransında Azərbaycan Prezidentinin giriş sözlərindən istifadə edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, birinci Qarabağ müharibəsinin yekunu olaraq azərbaycanlıların ata-baba yurdlarından qovulması, təqribən 30 il əvvəl işğal edilmiş torpaqların ötən ilin sentyabrında başlayan Vətən müharibəsi nəticəsində azad edilməsi barədə ətraflı məlumat verilir. Bildirilir ki, torpaqlarını Ermənistanın işğalından edən Azərbaycan hazırda həmin ərazilərdə böyük bərpa və quruculuq işlərinə start verib.

Yazıda ermənilərdən fərqli olaraq, doğma torpaqlarına qayıdacaq azərbaycanlıların bütün çətinliklərə baxmayaraq, onlarla birgə yaşamağa hazır olduğu qeyd edilir. Azərbaycan Prezidentinə istinadla iki xalqın birlikdə yaşamasının mümkün olduğu vurğulanır. Bildirilir ki, münaqişə zonasında rus sülhməramlılarının yerləşdirilməsi tərəflər arasında baş verə biləcək hər hansı qarşıdurmanın mümkünlüyünü aradan qaldırır.

Məqalədə mətbuat konfransından bir gün sonra yapon jurnalistin də daxil olduğu qrupun münaqişə zonasına səfəri, burada qarşılaşdığı quruculuq və bərpa işləri barədə ətraflı məlumatlara da geniş yer verilir. Bildirilir ki, həmin qrupun ilk səfər etdiyi Fizuli rayonunda ötən əsrin 90-cı illərində yaşamış azərbaycanlılar Ermənistan ordusunun hücumu nəticəsində ərazini tərk edərək məcburi köçkünə çevriliblər. 2020-ci ilin Vətən müharibəsi nəticəsində onların doğma evlərinə qayıtmalarına şərait yaranıb.

Azad edilmiş ərazilərdə infrastrukturun bərpa edilməsi ilə yerində tanış olan əcnəbi jurnalistlər ilk olaraq Füzuli beynəlxalq aeroportunda uçuş-enmə zolağının inşası prosesini izləyiblər. Müəllif qeyd edir ki, hazırda ərazidə sayı 100-ə çatan ağır texnika işləyir. Burada inşa ediləcək dispetçer-nəzarət qülləsi həm sərnişinlər üçün təyyarələrin uçuşuna, həm də radiolokasiya sisteminin monitorinqinə şərait yaradacaq.

Yazıda, həmçinin bildirilir ki, Ermənistanın ərazidə basdırdığı minalar bərpa və quruculuq işlərinə maneə yaradır. Həmin minaların təmizlənməsinə böyük qüvvələrin cəlb edilməsinə baxmayaraq, ermənilərin ərazinin mina xəritələrini Azərbaycana təhvil verməməsi böyük çətinliklərə səbəb olub. Müəllif qeyd edir ki, ərazidə işlərin böyük sürətlə aparılması azərbaycanlıların buraya tezliklə qayıdacağını və yeni yaşayış məskənləri salacağını deməyə ciddi əsas verir.

Məqalədə ermənilərin 1992-ci ildə Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımı barədə məlumatlara da yer verilib. Hadisələrin şahidi olmuş Samirə Hüseynovaya istinadla ermənilərin burada törətdiyi vəhşiliklərdən və qətliamdan bəhs olunub. Həmin etnik təmizləmə zamanı əksəriyyəti qadın və uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyi qeyd edilib.

Yazıda aparılan bərpa işlərində Türkiyə şirkətlərinin iştirakına da xüsusi diqqət yetirilib.

Məqaləyə müəllifin səfər zamanı çəkdiyi çoxsaylı fotolar da əlavə edilib.