Kunqfu üzrə dünya və Avropa çempionu, qadınlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov Gənclər və  İdman Nazirliyinə təklif irəli sürüb. 

Dünya çempionu Unkal.org-a açıqlamasında pandemiya dönəmində peşəkar idmançıların, məşqçilərin işsizlikdən fəhlə və ya taksi sürücüsü işlədiyini və bu halların qarşısının alınmasının mümkün olduğunu qeyd edib: 

“Bildiyiniz kimi, nazirliyin Startap (Startup) layihələri var. Mən də könüllü olaraq qrup yaratmağa və bu barədə təkliflərimi verməyə hazıram. Yaratdığımız startap layihəri nazirlik baxıb,  dəyərləndirsin. Hər layihəni də bölgələrə paylayaq və işsiz olan məşqçilərimizi də ora cəlb edək. Onlayn idman nəzəriyyəsi, idmana aid dərslər keçsinlər.

Zalların nə vaxt açılacağı da dəqiq bilinmir. Bu layihədə iştirak edən idman mütəxəssisinin hər birinə 300-400 manat maaş ayrılsın ki, öz sahələri üzə işləyə bilsinlər, idmanı təbliğ etsinlər”.

Daha sonra A.Süleymanov nazirliklə olan problemini bu məsələyə qatmadığını bildirib:

“Nazirliklə olan problemimi mən bu məsələyə qatmıram. Ümid edirəm onlar da mənimlə eyni fikirdə olacalar. Bunun üçün maddi imkanlarının olmadığını deyə bilməzlər. Çünki hər kəsə məlumdur ki, ilin əvvəlindən startap layihələr üçün pullar ayrılır.

Məncə bu layihələrə çatacaq qədər nazirliyin maddi imkanları var. Məqsədimiz də idmançılarımızın öz sevimli sahəsində - idmanda qalması və maddi problemlər üzündən başqa işlərə yönəlməməsidir”. 

Aygün İlqarqızı