Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə gənc məzun və tələbələrin şəxsi inkişafını hədəfləyən “Business Talks” layihəsi çərçivəsində keçirilən onlayn tədbirlər davam edir.

ATMU-dan Unikal.org-a verilən məlumata görə, Layihə çərçivəsində biznes mühitində inkişaf və müxtəlif istiqamətli yeni tələblər, o cümlədən müasir dövr və pandemiya şəraitində bizneslər və onların inkişaf perspektivləri əsas təlim mövzuları olaraq müəyyənləşdirilmişdir. Müasir bizneslərdə zəruri olan bilik və bacarıqların gənclərin diqqətinə çatdırılması, müxtəlif mövzularda biznes layihələri haqqında  müəyyən edilmiş ardıcıllıqla informativ təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Gənclərin pandemiya dövründə asudə vaxtlarını daha səmərəli keçirmələrinə yönəlmiş həmin silsilə onlayn tədbirlər çərçivəsində “Biznes layihələrinin idarə olunması və digitallaşma”, “IV Sənaye İnqilabı dövründə Emosional İntellektin əhəmiyyəti”, “Biznes mühitində fərdi inkişaf və karyera”, “Biznesə başlamaq üçün hüquqi addımlar” təlimləri artıq baş tutmuşdur. 

Təqdimatçılar arasında BP-nin Yaxın Şərq və Xəzər regionunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidenti Bəxtiyar Aslanbəyli, Reksoft  şirkəti, Portfel rəhbəri PMP üzrə beynəlxalq təlimçi Biznes Konsultant Anar İmamverdiyev, Biznes kouç  və təlimçi, Eİ üzrə sertifikatlaşmış mütəxəssis Elçin Əzimli və Legalaid hüquq şirkətində Təsisçi və İcraçı direktor Sona Səlimli-Ələsgərova olmuşdur. 

"Business Talks" layihəsinin növbəti tədbiri 30 Aprel saat 12:00-da AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası (ASK) Baş Katib əvəzi vəzifəsini icra edən Kristina Məmmədovanın təqdimatında  ”Dövlət-özəl sektor dialoqu və tərəfdaşlığı”  mövzusunda baş tutacaqdır. 
Görüşün “ZOOM” tətbiqi üzərindən baş tutması planlaşdırılmışdır. Görüşdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:

https://rb.gy/couvgw