Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib. 

Məsələ ilə bağlı Memarlıq və tikinti şöbəsinin baş memar əvəzi  Şahin Bayramov Unikal.org-a açıqlamasında bildirib ki, həmin ərazidə eni və uzunluğu 10x12, hündürlüyü də 12 metri keçməmək şərtiylə yaşayış evi üçün icazə verilib:

"Bununla bağlı icra başçısı İradə Gülməməmmədovanın imzaladığı sərəncam da var.  Biz də müşahidə etmişik ki, orada 8 sotluq torpaq qazılıb.
Sərəncama görə layihədəki tikintidən kənara çıxılarsa, xəbərdarlıq edilib, sərəncam ləğv ediləcək ". 

Qeyd edək ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən isə deyilib ki, sözügedən ərazidə çoxmənzilli apartman binası tikilə bilməz. Əgər həmin ünvanda icazə sənədlərindən kənar hər hansı bir tikinti işi aparılacaqsa, tərəfindən söküləcəyi bildirilir.

Xatırladaq ki, bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.

Nəzərinizə çatdıraq ki, həmin ünvanda  qanunsuz bina tikilərsə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində memarın bu açıqlamasından sonra cinayət işi qaldırıla bilər.  

Seymur Əli