Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.  Bayram sevincini yaşayanlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da var.  Vətən müharibəsindən sonra dünyaya gələn bir neçə şəhidimizin övladına qəhrəman atalarının adı, bəzilərinə isə atalarının vəsiyyət etdiyi adlar verilib.   

Unikal.org ataları Vətən müharibəsində şəhid olan qəhrəmanıarın övladlarını təqdim edir:

Vətən müharibəsinin şəhidi Şahin Allahyarovun oğlu dünyaya göz açıb. Dekabr ayında doğulan Körpəyə şəhidin vəsiyyətinə uyğun olaraq, Şahin adı verilmişdi.

Ötən ilin oktyabrın 31-də Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucalan, prezidentin sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif edilmiş Hərbi Dəniz Qüvvələrinin miçmanı Zaur Ələsgərlinin ikinci oğul övladı yanvar ayında dünyaya göz açıb.  Ayaz adı qoyulan  körpənin qardaşı Ayxan 3 yaşındadır. 


 

Ağayev Elçin Zakir oğlunun üçüncü – qız övladı yanvar ayında doğulub. Şuşa adı qoyulub. Zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Murov istiqamətində gedən döyüşlərdə şəhid olan Elgün Əmiraslanovun oğlu Onur da yanvar ayında dünyaya gəlib. Ailənin ikinci övladıdır. 


Vətən müharibəsinin tarix yazan qəhrəmanı, şəhid Hüseynov Emin Fərmayıl oğlunun oğul övladı fevral ayında dünyaya göz açıb. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qalıb. 

Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, şəhid olan baş leytenant Əlimərdan Quluzadənin 3-cü qız övladı mart ayında dünyaya gəlib. Ailə atanın son arzusunu reallaşdıraraq, körpəyə Fatimə adını verib.

İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib.

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Əliyev Azər Dilafət oğlunun övladı apreldə dünyaya gəlib.  Körpəyə atasının istəyinə uyğun olaraq Əli adı verilib. 
2020-ci il oktyabrın 15-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət koma vəziyyətində qalan Azər 2021-ci il yanvarın 28-də şəhidlik zirvəsinə ucalıb.

Ötən il noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Hüseynovun övladı yanvar ayında dünyaya gəlib. Şəhidin övladına atasının vəsiyyətinə uyğun olaraq  Əbəlfəz adı verilib.

Daxili Qoşunların şəhid baş çavuşunun ilk övladı dünyaya gəlib | Report.az

Vətən müharibəsindən sonra dünyaya gələn bir neçə şəhidimizin övladına qəhrəman atalarının adı verilib. Onlardan Anar Qorçuyevin övladı Anar, İntiqam Əsgərlinin övladı İntiqam, Turab Quliyevin övladı Turab, Həsən Həsənovun övladı Həsən, Nurlan Mustafayevin övladı Nurlan, Ramil Musayevin övladı Ramil və Elşad Məmmədovun övladı Elşad şəhid atalarının adını daşıyırlar.