9 iyul 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ilə birgə elmi seminar keçirilib. Tədbirdə İnstitutun baş direktoru, akademik Əli Abbasov, icraçı direktor, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun elmi işlər üzrə prorektoru professor Rauf Əliyarov, high performance computing (HPC) üzrə rektor müşaviri, professor Ehsan Musəvi, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, HPC-nin elmi rəhbəri professor Araz Əliyev, İnstitutun bir qrup alim və mütəxəssisi, həmçinin dəvət olunmuş qonaqlar iştirak ediblər.

Unikal.org xəbər verir ki, institutun baş direktoru, akademik Əli Abbasov 2019-cu ildə regionda ilk dəfə ADNSU-da High Performance Computing mərkəzinin yaradıldığını qeyd edərək mərkəzin imkanlarından və elmin inkişafındakı rolundan, ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Akdemik cari ilin mart ayında bu sahədə İSİ ilə ADNSU arasında imzalanan əməkdaşlıq müqaviləsini xatırladaraq İSİ-nin müvafiq laboratoriyalarında yüksək sürət tələb edən tətbiqi məsələlərini həlli istiqamətində HPC-nin imkanlarından yararlanmağın zəruriliyini və böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Sonra HPC mərkəzinin elmi və təşkilati işlər üzrə icraçısı t.ü.f.d. Nigar İsmayılova təqdimatla çıxış edərək yüksək səviyyəli hesablama sistemlərinin müasir dövrdə ölkələrin elmi-texnoloji inkişafı üçün zəruriliyini qeyd etmiş, HPC-nin elmtutumlu iri sənaye müəssisələri və akademik qurumları tərəfindən, əsasən, böyük həcmli hesablamalar tələb edən elmi-praktik məsələlərin həlli üçün tətbiq olunduğunu bildirmişdir. N.İsmayılova sözügedən sahədə kadr hazırlığının önəmini vurğulayaraq bu istiqamətdə ADNSU-nun rolu, görülən işlər və beynəlxalq layihələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

High Performance Computing üzrə rektor müşaviri, professor Ehsan Musəvi hazırda müasir elmi tədqiqatlarda geniş istifadə olunan HPC-nin imkanlarından söz açmış və onun kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi müxtəlif elm sahələrində geniş tətbiq imkanlarına malik olduğunu qeyd etmişdir. E.Musəvi AMEA-nın elmin inkişafındakı əhəmiyyətli roluna toxunaraq İSİ ilə əməkdaşlığın Azərbaycanda böyük həcmli və yüksək sürət tələb edən hesablamaları həyata keçirərkən ortaya çıxan problemlərin həllində önəmli olacağını və bu istiqamətdə inkişafa mühüm töhfələr verəcəyini bildirdi.

Daha sonra Ehsan Musəvi və “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, HPC-nin elmi rəhbəri, professor Araz Əliyev tədbir iştirakçıların çoxsaylı suallarını ətraflı şəkildə cavablandırmış, mövzu ətrafında fikirlər səsləndirilmiş və gələcək perspektivlərlə bağlı təkliflər irəli sürülmüşdür.

İSİ-nın icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və ADNSU-nun elmi işlər üzrə prorektoru professor Rauf Əliyarov çıxış edərək imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ADNSU-nun bazasında olan HPC-nin imkanlarından istifadə etməyin bir sıra fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasında zəruriliyini vurğulamış və bu istiqamətdə görüləcək işlərin gələcəkdə mühüm elmi nəticələr əldə olunmasına töhfələr verəcəyini qeyd edərək təkliflərini səsləndirmişlər.

Seminar çərçivəsində İSİ-də aparılan bir neçə tədqiqatların, o cümlədən pilotsuz uçan aparatların optimal idarə edilməsi, təbii dilin emalı və başa düşülməsi, qeyri-müəyyənlik şəraitində obyektlərin tanıma məsələsi və süni intellektin tətbiqi ilə bir sıra praktiki məsələlərin həllində universitet alimləri ilə birlikdə yüksəksürətli hesablamalar mərkəzinin resurslarının səmərəli istifadəsi geniş müzakirə olundu.

Sonda akademik Əli Abbasov müzakirələri yekunlaşdıraraq HPC mərkəzinin imkanlarından daha səmərəli istifadə etmək məqsədilə İnstitutun aparıcı alim və mütəxəssislərinə müvafiq tapşırıqlar verdi, bu sahədə əməkdaşlığın hər iki müəssisə üçün önəmini bir daha vurğulayaraq ADNSU rəhbərliyinə təşəkkürünü bildirdi.