"Deputatın məhkəməyə qandalla gətirilməsi yanlış idi. Çünki deputat olmuş şəxsin, yaxud inzibati məsuliyyətə cəlb olunan şəxslərin qandalla məhkəməyə gətirilməsi düzgün deyil. Məsələ ondadır ki, deputat olan şəxs təhlükə törətmirsə, istintaqdan qaçma, yaxud hansısa bir addımı yoxsa, bunu etmək olmaz. Adam İntizam Komissiyasının iclasına qatılıb, təqsirini etiraf edib, üzr istəyib. Bu, o deməkdir ki, Eldəniz Səlimov qaçmağa meylli insan tipi deyil. Belə bir vəziyyətdə mən də ona bu formanın tətbiqini uyğun saymıram. Amma məsuliyyətə cəlb olunması uyğundur, çünki kifayət qədər şikayət və əməliyyat məlumatları var”.

Unikal.org xəbər verir ki,  bu sözləri Milli Məclisin üzvü Fazil Mustafa deputat Eldəniz Səlimovun həbs edilməsini şərh edərkən deyib.
Fazil Mustafa Eldəniz Səlimovun Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə təqsirləndirilməsini isə belə qiymətləndirib: “Deputat vəzifəli şəxs kateqoriyasına aid deyil və hüquq ədəbiyyatında da bununla bağlı mübahisələr var. Çünki deputatın konkret olaraq kiməsə əmr və sərəncam vermə səlahiyyəti yoxdur. Hətta deputatın köməkçisi dövlət məmuru olsaydı, onda deputatın dövlət məmuru kimi vəzifəli şəxs sayılması düzgün idi, amma köməkçi dövlət məmuru deyil”.