"Qarabağdan yenə həyəcanverici xəbərlər gəlir. Rusiya Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır, görüntülər var. Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə demlitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur, yoxsa rəsmi İrəvan Ermənistan  üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı, onu arxayanlaşdıran mərkəzlər var". 

Bu fikirləri Unikal.org-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki,  Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçməlidir ki, bununla da 200 illik problemə son nöqtəni qoymuş olaq:

"Birincisi, Rusiya hərbçiləri 4 ildən sonra Qarabağı tərk etsinlər. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq. Bu mümkündürmü? Çətindir, ancaq hədəflərimizə çatmaq planlarımızdan və onları necə yerinə yetirməmizdən asılıdır. Müharibədən sonrakı dönəmi “ağıl oyunları” adlandırmışdım. Birinci mərhələdə hərbi yolla məsələnin böyük qismini həll etdik, problemin qalan hissəsini isə hərbi-siyasi-diplomatik, o cümlədən “ağıllı layihələr”in köməyi ilə həll etməliyik. Qarabağda ağıllı kəndlər və ağıllı qəsəbələr salırıqsa, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün niyə ağıllı layihələr üzərində düşünməyək? Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminin 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı 4 dəfə azalıb, ancaq məsələnin bizim xeyrimizə tam həlli üçün bu sayı ikirəqəmliyə çevirmək lazımdır. Hələ ki, proses öz axarıyla bizim üçün müsbət istiqamətdə cərəyan edir. Ancaq Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin. Bunun üçün onlar Qarabağda evlər tikəcək, ermənilərə pulsuz heyvanlar paylayacaq, kiçik müəssisələr açacaq və kreditlər verəcəklər. Biz isə bunun tam tərsini etməliyik. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi var. Ancaq proseslər bizim ərazimizdə getdiyindən qarşı tərəfin gücündən asılı olmayaraq onların planlarını pozmaq və öz oyunumuzu diqtə etmək imkanımız  var. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb. Başqa çeşidli problemlərini də yaratmalıyıq. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsin, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın və s. Bunun yolları var, sadəcə, Azərbaycanın xeyrinə işləyə biləcək təkliflərin bir mərkəzdə toplanmasına, müzakirəsinə və reallaşdırılmasına ehtiyac var".

Gülayə Mecid