Gürcüstanda sentyabrdan etibarən restoranlara, idman zallarına və bir sıra bənzər obyektlərə daxil olmaq üçün COVID pasportunun tələb edilməsi planlaşdırılır.

Unikal.org xəbər verir ki, müvafiq qaydaların tətbiqi ilə əlaqədar ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasına müraciət edib. Müraciətdə iaşə obyektlərinə, idman zallarına, eləcə də digər bənzər ictimai obyektlərə vətəndaşların yalnız yeni növ koronavirus əleyhinə vaksinin bir və ya hər iki dozasının vurulmasını göstərən sənəd və ya PZR testinin neqativ nəticəsi ilə buraxılması tövsiyə edilib.

Qurumlararası Koordinasiya Şurasının nümayəndəsi Giorgi Qibradze bildirib ki, şura məsələni müzakirə edəcək və qəbul edilən qərarla bağlı ictimaiyyəti məlumatlandıracaq.