İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə sabiq icra başçısının vəkilləri jurnalistlərin məhkəmə zalından çıxarılması və müvəkkillərinin səhhətindəki problemi nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətlər veriblər.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hər iki vəsatətin təmin olunmadığını elan edilib. Vəkillərin növbəti vəsatəti V.Hacıyevin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsi ilə bağlı olub.

Hakim vəsatətə növbəti məhkəmə prosesində münasibət bildiriləcəyini bildirib.

Prosesdə müdafiəçilər çıxış edərək ittiham aktı ilə tam tanış olmadıqlarını əsas gətirərək cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz ediblər.

Məhkəmənin hazırlıq iclası sentyabrın 3-dək təxirə salınıb.