Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xalqımızın rifahına, dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyətdir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır.

Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Mehriban xanım Əliyevanın daxili siyasət sahəsində fəaliyyəti geniş spektirlidir. Bura dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı və sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının- şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s. problemlərinin həlli, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ölkədə ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi kimi fəaliyyətlər aiddir.

Mehriban xanım ictimai-siyasi faliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin VII qurultayda partiya qarşısında qoyduğu vəzifələr - ölkədə tolerantlıq, multikulturalizm mühitinin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın çoxaldılması, şəffaflığın artırılması, şəhid ailələri, qazilərin problemlərinin hər an diqqət mərkəzində saxlanılması və həlli istiqamətində Mehriban xanım Əliyevanın zəngin təcrübəsindən istifadə ediləcəkdir ki, bu da Yeni Azərbaycan Partiyasının gələcək inkişafına mühüm töhfələr vermiş olacaqdır.   

Birinci vitse-prezident Mehriban xanımın Əliyevanın  Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı haqqında xüsusilə qeyd etmək lazımdır. Ulu Öndər Heydər hər zaman deyirdi ki, təhsil millətin gələcəyidir. Məhz bu müdrik kəlamın fəlsaəfəsindən irəli gələrək ulu öndərin adını daşıyan Fond  çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsini əhatə edən çoxlu sayda layihə və proqramlar  həyata keçirməkdədir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur.

Azərbaycan dövləti sosialyönümlü dövlətdir və hər zaman vətdaşların, xüsusilə də həssas əhali qrupundan olan şəxslərin sosial-rifah halı diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondu da bu kateqoriyadan olan şəxsləri hər zaman diqqət mərkəzində saxlayır. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir.

Dövlətimizin diqqət mərkəzində olan əsas məslələrdən biri də şəhid ailələri və qazilərimizin problemlərinin həllidir. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı vardır. Bu istiqamətdə tədbirlər Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilir. Fəaliyyətinin əsas istiqamətini xeyriyyəçilik təşkil edən Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olanlara hər zaman xüsusi həssaslıqla yanaşır. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşmışdır.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmzdə inkişafına xüsusi diqqət göstərdiyi sahələrdən biri də idman sahəsidir. Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur.

Mehriban xanım Əliyevanın fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri də ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslər həyata keçirilməsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.  Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevadır.

Mehriban xanım Əliyeva xarici siyasət sahəsində də geniş fəaliyyəti ilə seçilir.  Mehriban xanım Əliyeva  UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi  dünya əhalisinin sağlamlıq, təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsi, dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması missiyası, dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri, ölkələrarası dostluq, səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətlərində öz xüsusi fəaliyyəti ilə seçilir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Sonda Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və xoşbəxtlik, doğma Vətənimizin tərəqqisi yolunda işlərində daha böyük uğurlar arzulayıram.

Millət vəkili Cavid Osmanov