Avqustun 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl küçədə tapılmış körpəyə baş çəkib, onun vəziyyəti ilə yaxından tanış olub.

Unikal.org xəbər verir ki, xəstəxanaya yerləşdirilən zaman körpənin vəziyyəti kafi olaraq qiymətləndirilib. İlkin müayinədən sonra laborator analizlər aparılıb və  pataloji xəstəliyin olmadığı müəyyən edilib. Hazırda uşağın vəziyyəti yaxşıdır.

Niyazi Bayramov körpənin sağlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün “Gəncə Şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsə müvafiq tapşıqlar verib. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən uşağın valideynlərinin ən qısa zamanda tapılması istiqamətində tədbir görülməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, azyaşlının zəruri ehtiyaclarının qarşılanması  üçün lazımi ləvazimatlar şəhər rəhbərliyi tərəfindən təmin edilib.

Xatırladaq ki, 5-6 aylıq qız uşağı şəhərin A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin qarşısında çantanın içində aşkarlanıb. Hüquq mühafizə orqanlarının əməkdaşları körpəni Gəncə Şəhər Uşaq  Xəstəxanasına yerləşdiriblər. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində körpənin valideynləri barəsində araşdırmalar davam etdirilir.