Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb.

Unikal.org  xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə Təhlükəsizlik Şurasının gündəliyində olan və Qoşulmama Hərəkatı üçün xüsusi önəm kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər terrorçuluq və yaranmaqda olan çağırış və təhdidlərə qarşı mübarizə, o cümlədən, ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi və bu istiqamətdə QH üzv ölkələri arasında birlik və həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu ifadə olunub.

Görüş əsnasında, habelə qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.