Azərbaycanda məhərrəmlik ayında şənlik mərasimləri adətən keçirilmir, yaxud da çox az sayda olurdu. Lakin pandemiya səbəbindən uzun müddətdir toy mərasimləri keçirilmədiyinə görə, bu il məhərrəmlik ayında kifayət qədər şənliklər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Unikal.org-a açıqlamasında bildirdi ki, avqustun 10-dan bu günə kimi respublika ərazisində müxtəlif şənlik mərasimlərinin, toy, nişan, ad günü və s.  keçirilməsi ilə bağlı 476 monitorinq həyata keçirilib. 

Həmin müddət ərzində Nazirlər Kabineti tərəfindən pandemiya şəraitində müəyyən olunan norma və qaydalara əməl etməyən 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 Epidemiya əleyhinə rejimin sanitar-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi açılıb. 

145 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə olunub. 

Bir nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə sanitar-gigiyena və epidemiya əleyhinə karantin rejimlərinin pozulması maddəsi ilə inzibati qaydada həbs edilib.

1776 nəfərin kovid pasportu olmadığına görə həmin şənliklərdə iştirakı aşkarlanıb və məclisə buraxılmayıb.

Könül Oruc