Anım Günü ilə əlaqədar xalqa  müraciət edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bir il öncə müstəqil Azərbaycanımızın tarixinə yazılmış olan Zəfər salnaməsinin hər bir səhifəsini çox əhatəli formada təhlil etmiş oldu. 27 sentyabr 2020-ci il təqvimi Azərbaycan tarixində mühüm qərarın qəbul edildiyi gün kimi qaldı. Bu tarixə qədər Ermənistan davamlı olaraq təxribatlar törədir, döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tuturdu. Ermənistan tərəfindən açılan namərd atəş nəticəsində mülki şəxslərimiz və hərbiçilərimiz həlak oldular. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən  bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. 

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə tarixi Zəfərə imza atdı. Düşmən ordusu darmadağın edilərək torpaqlarımızdan qovuludu və 30 illik işğala son qoyuldu. Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, dövlətimiz isə qalib dövlət kimi yaşayır və bundan sonra əbədiyyətə qədər belə olacaqdır. 
Artıq münaqişə öz həllini tapıb. Azərbaycan bu münaqişəni tək öz gücünə hərbi-siyasi yolla həll etdi. Artıq “Dağlıq Qarabağ” münaqişəsi tarixdə qalıb və Azərbaycan ərazisində bu adda inzibati ərazi vahidi yoxdur. Ötən gün xalqa müraciətində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev  bir daha bəyan etdi ki, əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapıb.  Ölkəmizə qarşı ermənipərəst və anti-Azərbaycan dairələr tərəfindən  müəyyən təsirlərin olmasına rəğmən artıq beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını və Qələbəsini etiraf etməyə məcbur olub. Bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

44 günlük Vətən müharibəsi ilə Azərbaycan düşmənə öz gücünü, bütün dünyaya isə güclü dövlət olduğunu nümayiş etdirdi. Vətən müharibəsi günlərində dünya üçün nümayiş olunan əsas məsələlərdən biri də Türkiyə-Azərbaycan birliyi, qardaşlığı oldu. Müharibənin ilk saatlarından Azərbaycanla həmrəy olduğunu bəyan edən Türkiyə, ölkəmizə öz dəstəyini göstərdi. Qardaş ölkənin  rəhbərliyi tərəfindən verilən açıqlamalar ölkəmizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və xalqımız bunu heç vaxt unutmayacaqdır. Həmçinin müttəfiq və qardaşlıq mövqeyində olan  ölkələrin də siyasi, mənəvi dəstəyi cənab Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndilir. Eyni zamanda xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi bu 44 gün ərzində Vətənimizlə bir döyünürdü.

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bütün xalqımız bir şuarla, “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdı. Hər gün irəli gedərək qələbələr  qazanan Müzəffər Ordumuzun arxasında Azərbaycan xalqının möhkəm dayanması ordumuza əlavə güc verirdi. Döyüş meydanında məğlub olan Ermənistan çirkin əməllərə əl atır, müharibə cinayətləri törədirdi. Ermənistan qadağan olunmuş silahlar - ağ fosforlu bombalar, ballistik raketlərdən istifadə edərək döyüş meydanından kilometrlərlə uzaqda yerləşən şəhər və kəndlərimizi müntəzəm olaraq daim atəşə tuturdu. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azərbaycan terorçu xislətli Ermənistandan fərqli olaraq mübarizəni müharibə qanunları çərçivəsində apararaq düşməndən öz qısasını aldı və 44 gün ərzində bir gün də geriyə addım atmadı. 

Xalqa müraciəti zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qeyd etdi ki,  rəsmi İrəvan erməni xalqına qarşı da cinayətlər törədib – əgər Ermənistan Azərbaycan torpaqlarından vaxtında öz xoşu ilə çıxsaydı, onlar bu qədər böyük faciə yaşamazdılar. Müharibədən əvvəldə Prezident İlham Əliyev dəfələrlə qeyd edirdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Müharibə dövründə bu fikir dəfələrlə Ermənistan hakimiyyətinin diqqətinə çatdırılmışdır. Azərbaycan Prezidenti bildirirdi ki, Ermənistan rəhbərliyi bizə tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Ancaq bunu etmədilər. 44 gündən sonra - artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim oldu. 

Ermənistan işğal etdiyi bütün şəhərlərimizi yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. 

Azərbaycan öz Qələbəsi ilə eyni zamanda erməni faşizminə son qoydu. Ağır məlubiyyətə baxmayaraq düşmən xislətini dəyişə bilmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb və azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Müraciətində bu mövzuya toxunan cənab Prezident İlham Əliyev Ermənistanın havadarlarına çox qətiyyətli şəkildə mesaj verdi. Ermənistanın havadarlarının bu ölkənin Azərbaycan ərazilərində törətdikləri vandallıqları görməli olduqlarını bəyan etdi.  Eyni zamanda bütün dünyanın Azərbaycanın hansı bəlaya dərs verərək öz ərazilərini azad etdiyini bilməli olduğunu vurğuladı.  

Ümumiyyətlə, revanşizm yolverilməz haldır, bu cür tendensiyalar Ermənistan dövlətçiliyinin sonunu gətirib çıxara bilər. Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, ilk növbədə Ermənistan dövləti üçün çox təhlükəli tendensiyadır. Müəzffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ermənistan tərəfinə sərt şəkildə bir daha xəbərdarlıq etdi ki, əgər biz görəriksə  erməni faşizmi baş qaldırır, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev müharibədən əvvəlki illər ərzində dəfələrlə deyirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.  Nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Azərbaycan xalqı Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadı, xalq, dövlət olaraq güc topladıq. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində ordumuz, ölkəmizin  iqtisadiyyatı gücləndirildi, Azərbaycanın nüfuzu artırıldı və dövlətimiz öz tarixi missiyasını şərəflə yerinə yetirdi.

44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir.  Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, düşmən ordusu geri getməyə məcbur olmuşdur.  Azərbaycan Qələbəni döyüş meydanında qazandı. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. 
Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Azərbaycan bundan sonra qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayacaq və azad edilmiş torpaqlarımızı quracaq, bərpa edəcək. 

Xalqımız şəhidlərimizlə, qazilərimizlə, Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edir və onların qəhrəmanlığını heç vaxt unutmayacaqdır. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün dövlətimiz, dövlət başçımız tərəfindən lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir. 2020-ci il dekabrın 2-də müvafiq Prezident Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. 27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edildi. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimi baş tutdu. Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Bütün bunlar şəhidlərimizə olan böyük ehtiramın göstəriciləridir.

Millət vəkili Cavid Osmanov