Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasının əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir.

Unikal.org xəbər verir ki,  laboratoriya Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması, etibarlı sertifikatlaşdırma sisteminin dəstəklənməsi ilə ölkədə istehsal olunmuş bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsi, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyada entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar həyata keçirilir. 

Laboratoriyanın Karantin Ekspertiza Bölməsində entomoloji, herboloji və fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Entomoloji ekspertiza zamanı bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materiallarda zərərverici həşəratların və gənələrin, herboloji sınaqlar zamanı alaq otu toxumlarının, fitohelmintoloji müayinələr zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.

Bitkilər üçün ciddi təhlükə yaradan göbələk, bakteriya və virus mənşəli bir sıra xəstəliklər onların məhsuldarlığını aşağı salmaqla yanaşı, ixrac imkanlarını da ciddi şəkildə azaldır. Bu istiqamətdə laboratoriyanın Fitopatologiya və Genomolekulyar Diaqnostika Bölməsində bitki və bitkiçilik məhsullarında patogenlərin aşkarlanması və identifikasiyası üçün mikoloji, bakterioloji, virusoloji (virus və viroid) sınaqlar və GMO təyini həyata keçirilir. Fitopatoloji ekspertiza zamanı göbələk və bakteriya mənşəli xəstəlik törədicilərinin təbii substratdan ayrılması və qida mühitlərinə əkilməsi, müasir optik cihazlardan istifadə olunmaqla morfoloji və morfometrik əlamətlərə əsasən xəstəlik törədicilərinin aşkarlanması aparılır. Bakteriya və virus mənşəli bitki xəstəliklərinin identifikasiyası zamanı İmmunoferment analizi, Real Zaman Polimeraz Zəncir Reaksiyası kimi metodlardan istifadə edilir ki, bu da diaqnostikanın daha dəqiq və qısa zamanda aparılmasına imkan verir.

AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasında fitopatogen zərərli orqanizmlərin diaqnostikasının aparılması ilə yanaşı, Gene lab kabinində “Montania 4896” Real Zamanda PZR deteksiya sistemindən istifadə edilməklə bitki və bitkiçilik məhsullarında geni dəyişdirilmiş orqanizmlərin aşkarlanması həyata keçirilir.

Qeyd edək ki, AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyası AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiya olunub.