"Azərbaycan-Türkiyə münasibətləri qədim tarixi köklərə malikdir. Ölkələrimiz arasında əlaqələrin inkişaf mərhələsinin başlanğıcı isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin ölkəmizə prezidentliyi dövründə Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açılmış və iki ölkə arasında əlaqələr davamlı inkişaf yolu keçməkdədir".

Bu sözləri Unikal.org-a açıqlamasında deputat Cavid Osmanov deyib. O, bildirib:

"27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi eyni zamanda sübut etdi ki,  Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz tellərlə bir-birinə bağlanmışdır. Eyni soy-kökə, dinə və dilə məxsus bir millətin iki dövləti bütün dünyaya möhkəm əsaslı birlik, qardaşlıq, həmrəylik nümunəsi oldu. Vətən müharibəsi başlayan ilk dəqiqələrdən hərbi əməliyyatların son dəqiqələrinə kimi Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə və bu ölkənin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğan davamlı olaraq ölkəmizə siyasi dəstək verdi. Hərbi əməliyyatlar dövründə qardaş ölkənin rəsmiləri dəfələrlə ölkəmizə səfərlər edərək hər an Azərbaycanın yanında olduqlarını praktik şəkildə sübut etdilər. Belə demək mümkündürsə Azərbaycanın Vətən müharibəsi başlayan gündən Azərbaycan və Türkiyə arasında yeni bir mərhələ başlamış oldu. Artıq hərbi əməliyyatların bitməsindən bir ilə yaxın vaxt keçir. Ölkələrimiz arasında olan münasibətlər günün tələbləri çərçivəsində uğurla inkişaf edir.

Hərbi əməliyyatlar bitdikdən sonra qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə 2 dəfə səfər edib. İlk səfər zamanı qədim mədəniyyət paytaxtımız olan Şuşaya səfər edən cənab Rəcəb Tayyip Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və bu münasibətlərin əbədi olması haqqında ciddi siyasi mesajlar verərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bəyan etmişdi. Həmin səfər zamanı ölkələrimiz arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanmışdır ki, bu Bəyannamə də çox böyük siyasi və tarixi əhəmiyyətə malikdir.

Cənab Rəcəb Tayyip Ərdoğanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində qardaş Türkiyə Respublikası dünyanın əsas güclərindən birinə çevirilmiş, beynəlxalq nüfuzu daha da artmışdır. Türkiyə NATO ölkəsi olaraq həmçinin dünyanın ən güclü ordularından birinə sahib olan dövlətdir. Belə bir güc və nüfuza malik ölkənin Azərbaycanla müttəfiq, strateji tərəfdaş olması ölkəmizin gücünə əlavə güc qatır.

Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı da çox böyük siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan hərbi əməliyyatlar bitdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə start verərək bölgənin canlandırılmasına başlamış oldu. İlk olaraq nəqliyyat və kommunikasiya infrastrukturunun yaradılmasına başlanılması isə işlərin planlı şəkildə həyata keçirildiyinin əsas göstəricilərindəndir. Cəmi 8 ay ərzində ən müasir standartlar əsasında Füzuli Beynəlxalq Hava Limanının inşa edilməsi Azərbaycan dövlətinin gücündən və zəngin iqtisadi potensiala malik olmasından xəbər verir. Eyni zamanda bütün bunlar təcavüzkar, talançılıq siyasəti ilə məşğul olan Ermənistandan fərqli olaraq Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmasına əyani sübutdur. Azərbaycan bu torpaqların əzəli-əbədi sahibidir və ərazilər işğaldan azad edildikdən sonra bölgəyə yeni həyat qayıtmağa başlamışdır. Ermənistan isə torpaqlarımızı işğalda saxladığı 30 il müddətində talanlıçılıqla məşğul olmuş, müxtəlif növ terror əməlləri törətmişlər.

Cənab Rəcəb Tayyip Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun göstəricisi olmaqla yanaşı dünya, xüsusilə də region ölkələri üçün mühüm siyasi mesaj idi.

Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərin, o cümlədən bölgənin inkişafında strateji əhəmiyyətə malik olacaq, yük və sərnişin daşınması prosesində mühüm rol oynayacaqdır. Eyni zamanda işğaldan azad edilmiş Zəngilan və Laçın rayonları ərazisində də hava limanlarının inşa edilməsi regionun kommunikasiya imkanlarının inkişafına böyük təsir göstərəcəkdir.

Qardaş Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə zəngilan rayonu ərazisində Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması nəinki Azərbaycan, eyni zamanda bütün türk dünyasının tarixində çox böyük  əhəmiyyətə malik bir hadisə oldu. Zəngəzur dəhlizi regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində müstəsna rola malik olacaq, bütün iştirakçı ölkələr Zəngəzur dəhlizindən yararlana biləcəklər. Həmçinin Bakıdan İstanbula avtomobil və dəmir  yolu dəhlizinin yaradılması uzun illər sonra bütün türk dünyasına coğrafi əlaqənin bərpa edilməsi kimi tarixdə qalacaqdır. Zəngəzur əzəli Azərbaycan ərazisidir və bu ərazilərə qayıtmaq hər bir azərbaycanlının təbii haqqıdır.  Azərbaycan 44 günlük Vətən müharibəsi ilə regionda yeni reallıqlar yaradıb və yaranmış reallıqları qəbul etməklə Ermənistan da mövcud imkanlardan yararlana bilər. Baxmayaraq ki, bu ölkə uzun illər təcavüzkarlıq siyasəti yürütmüş, Azərbaycan torpaqlarını işğalda saxlamış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Ermənistan bu cür ritorikadan tamamilə əl çəkməli, regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratmağa çalışmamalıdır. Bu ölkədə yaxşı anlamalıdırlar ki, yeni reallıqların qəbul edilməsi qaçılmazdır.

İşğaldan azad edilmiş ərazilərdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi Azərbaycanın davamlı sülhün bərqərar olmasında maraqlı olmasından xəbər verir. Bərpa-quruculuq işlərində isə qardaş Türkiyədən olan şirkətlər yaxından iştirak edir. Bu isə öz növbəsində Türkiyənin də bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına verdiyi töhfə kimi qiymətləndirilməlidir.

Bu gün Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.  Bütün bunlar isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğundan və liderlik fenomenindən irəli gəlir. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını bütün dünyaya nümayiş etdirirlər".

Seymur Əli