Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə  bu gün  Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Vətən Müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar Əhməd oğlunun Anım günü tədbiri keçirilib. 

Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Millət vəkili İmamverdi İsmayılov, Müdafiə Nazirliyinin əməkdaşları, Vətən Müharibəsi Qəhrəmanı  Vüqar Ağayevin döyüş yoldaşları hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, cümə məscidinin axundu hacı Rauf, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoyublar. Şəhidimizin ruhuna dualar oxunulub. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.  

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazanıb və tarixi ədaləti bərpa olunub.

Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilib. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olunub.  Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi və işğalçının belini qırıb.

Digər çıxışlarda vurğulanıb ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazıblar. 

Şəhidimizin anası Nənəxanım Ağayeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib.  

Sonda Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində ehsan verilib.

Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1990-cı ildə Xanlıq kənd tam orta məktəbində təhsilini başa vurmuşdur.1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra  Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.

2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi” yubiley medalları, III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi Xidmətlərə görə” medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.

 01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhəri, II Fəxri Xiyabana dəfn edilmişdir.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı", 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi, iki övladı var.