"Qəbələ"ni təbrik edirəm. Mövsümə çox yaxşı başlayıblar. Evdə üstün oynayacaqlarını bilirdik. Buna hazır idik. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan qollardan birinin əvəzini çıxsaq da, bərabərlik əldə edə bilmədik".

"Unikal" xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis məğlubiyyətin üzücü olduğunu bildirib: "Heyətdə itkilərimiz var idi. Bu oyundan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qarşıda qış fasiləsinədək 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Oynamaq lazımdır. Əvvəl də dediyim kimi, bura qalxmaq asandır. Amma qalmaq çətindir. Bəzi oyunçularımız mövsümün əvvəlində formada olmadılar. Zədələrə görə heyəti tam kompletkləşdirə bilmədik. Bəlkə də xeyirlisi budur. Amma bu gün əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər güclənib. "Qəbələ" 2 mövsümlük uğursuzluğa baxmayaraq təslim olmadı. Çempionata rəng qatırlar. Bu da bir nümunədir".

Hər zaman komandamın arxasında olduğunu söyləyən Abbasov qış fasiləsində istefa verə biləcəyini də istisna etməyib: "Özüm də çətinlik çəkirəm. Bəlkə də nələrisə dəyişmək, yaxud da vaxtı çatıb, getmək lazımdır. Qarşıdakı 3 oyunu da oynayıb bu barədə düşünəcəyəm. Hiss edirəm ki, bu komanda ilə maksimumu etmişik. Bundan artığını etməyə gücümüz yoxdur. Bizə yeni nəfəs lazım idi. Ona görə də qış fasiləsində rəhbərliklə görüşəcəyəm. "Sumqayıt"da böyük uğurlar qazanmışıq. Ehtiyac olarsa, müqaviləm var, davam edəcəyik. Amma bu cür davam etmək çox çətindir. Çünki elə mövqelərimiz var ki, orada oynatmağa futbolçumuz yoxdur. Gənclərə güvənirik. Lakin yuxarıda qalmaq üçün qüvvə lazımdır. Bu oyunçuların da üstündən xətt çəkə bilmərəm. Onlar 2 dəfə ölkə kubokunda final oynayıblar, bürünc medal qazanıblar".