Suvarma mövsümün başa çatmasına baxmayaraq, Göygöl Suvarma Sistemləri İdarəsi işlərini davam etdirir. 2021-ci ilin 10 ayı ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün idarə tərəfindən tədbirlər planına uyğun olaraq işlər yerinə yetirilib. Belə ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə kanalların su limitləri təsdiq edilib, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya olan tələbatını təmin etmək üçün lazım olan bütün işlər görülüb.

"Unikal" xəbər verir ki, Suvarma Sistemləri İdarəsi tərəfindən Göygöl rayon ərazisində 12510 hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarılması həyata keçirilib. İdarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyəti təmin edilib. Kanallarda lildən təmizlənmə üzrə mexanizmlərlə 472 min kubmetr həcimində təmizləmə işi görülüb. 36 ədəd hidrotexniki qurğu, 21 ədəd hidropost cari təmir edilib, boru xəttində 3,5 kilometr uzunluğunda cari təmir işləri aparılıb. Mənbəyini Gəncə çayından götürən, uzunluğu 17,5 kilometr, sukeçirmə qabiliyəti 3,5 kubmetr olan və 1750 hektar əkin sahəsinin suvarılmasında istifadə edilən Xan arxı kanalının 2100 paqonmetr hissəsi beton üzlüyə alınıb. Hazırda kanalın çiyin hissəində hamarlama işləri aparılır.

Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görülür. Sel və daşqınların qarşısını almaq üçün Gəncə çay, Kürək çay, Qoşqar çayların məcraları təmizlənir, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxların və kanalların dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilir. Artıq 32,5 min kubmetr həcmində çay məcrasında təmizləmə işləri görülüb. Bunlarla yanaşı, rayon ərazisində olan nasos stansiyalarının fasiləsiz iş rejimini bərpa etmək üşün tələb olunan tədbirlər də görülür. Çaylı nasos stansiyasında nasosun suötürmə qabilliyətini artırmaq üçün 1 ədəd nasos və 315 kv-luq elektrik mühərriki yenilənərək nasos stansiyanın iş rejimi bərpa edilib. Həmçinin digər nasos stansiyalarında da cari təmir işləri aparılır. Hazırda rayon ərazisində suvarılan ərazinin 4880 hektarı subartezian quyuları vasitəsilə suvarılır. Bu sahədə də mütəmadi işlər həyata keçirilir, yeni quyular qazılır. Yeni subartezian quyuları hərəsində 1 ədəd olmaqla, Balçılı, Nadil, Səmədli kəndlərində, 2 ədədi isə Quşqara kəndində qazılacaq. Görülən işlər sayəsində və Prezidentin sərəncamı əsasında qazılacaq yeni subartezian quyuları istifadəyə verildikdən sonra növbəti suvarma mövsümündə fermer və sakinlərə məxsus sahələrin suvarılması daha da yaxşılaşacaq.