24 dekabr 2021-ci il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH-i və YAP Lənkəran Şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda İcra hakimiyyətinin rəsmi şəxsləri, YAP ərazi ilk təşkilat sədrləri, Lənkəran Dövlət Universitetinin alimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ümummilli Liderin və ölkə Prezidentinin həyat və fəaliyyətini əks etdirən kitablardan, o cümlədən cənab Prezidentin çıxış və məruzələrinin toplandığı çoxcilliklərdən ibarət kitab sərgisi ilə tanış olublar. Sonra konfrans mərkəzin böyük akt zalında işinə başlayıb. Konfransı giriş sözü ilə Lənkəran ŞİH başçısı Taleh Qaraşov açıb. Natiq çıxışında 2003-cü ilin prezident seçkilərindən ötən müddət ərzində Azərbaycanın fasiləsiz olaraq dinamik şəkildə  inkişaf etməsini ölkə Prezidenti cənab İlham Əliyevin yorulmadan həyata keçirdiyi uğurlu daxili və xarici siyasətinin, müdrik siyasi düşüncəsinin bəhrəsi kimi səciyyələndirib.

İcra başçısı sosial-iqtisadi və mədəni sahələrdəki nailiyyətlərlə yanaşı  44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında qazandığı zəfərin də bu dinamik inkişafın yaratdığı iqtisadi gücün, qüdrətin hesabına əldə olunduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, cənab Prezidentin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də mühüm işlər görülüb, sakinlərin rifahını, maddi-məişət şəraitini yaxşılaşdıran layihələr icra olunub. Bu müddətdə kənd təsərrüfatı, sənaye və digər sahələrdə məhsul buraxılışı, əhalinin gəlirləri dəfələrlə artıb, ən müasir tələblərə cavab verən yol-nəqliyyat kommunikasiyaları açılıb, yaşayış məskənləri kütləvi şəkildə qazlaşdırılıb, elektrik təsərrüfatı yenilənib, çoxlu sayda istehsal müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, minlərlə iş yerləri açılıb.

Bütün bu nailiyyətlərin müəllifi cənab prezident İlham Əliyevin olduğu davamlı inkişafın parlaq nəticələri kimi hər rayon sakinini hədsiz sevindirdiyini və bu sevincin nümayişi olaraq cənab Prezidentin 60 illik yubileyinin rayonda böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdıran İcra başçısı rayon ictimaiyyəti adından cənab Prezidenti ad günü münasibətilə təbrik edib ən xoş arzularını səsləndirib.  

Sonra YAP Lənkəran Şəhər Təşkilatının sədrinin səlahiyyətlərini icra edən, İcra başçısının birinci müavini M.Babayev “İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələrdə “Lənkəran” qəzetinin baş redaktoru, Rayon Veteranlar təşkilatının sədri Ə.Əliyev, rayon Ağsaqqallar Şurası sədrinin müavini G.Bağırov və digərləri çıxış edib fikir və mülahizələrini bildiriblər.