Hər bir şəhid və onun ailəsi Azərbaycan dövləti və xalqı üçün əzizdir. Vətən üçün canından keçən igidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların ailələri diqqətdə saxlanılırlar. 

"Unikal" xəbər verir ki. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində də şəhid və qazi ailələrinə xüsusi qayğı göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunurlar, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər həyata keçirilir. 

Bununla yanaşı, şəhər rəhbərliyi mütəmadi şəkildə şəhidlərimizin il mərasimlərində iştirak edir, ailələrlə birlikdə onların məzarları ziyararət olunur. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir.

Ötən həftə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Oruc Vəliyevin il mərasimində iştirak edib, şəhid Natiq Əliyevin 40 mərasiminə qatılıb. Şəhid yaxınlarının qayğıları ilə maraqlanan şəhər rəhbəri, onları narahat edən məsələlərin qısa vaxt ərzində qanunamüvafiq formada həll edilməsi üçün tapşırıq verib. 

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.