Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, komitənin sədri Siyavuş Novruzov bildirib ki, iclasın gündəliyinə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmə sahəsində aparılan mütərəqqi islahatlar şəffaflığın artırılmasına, qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına yönəlib. Bu cəhətdən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı komitənin bugünkü iclasının müzakirəsinə çıxarılan qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.

Məlumat verilib ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.

Komitə sədri bildirilib ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.

Müzakirə edilən qanun layihələri ilə bağlı Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, komitə üzvləri Tahir Rzayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva, Nizami Cəfərov, Aqil Məmmədov, Səttar Möhbalıyev çıxış ediblər, təklif edilən dəyişikliklərlə bağlı rəylərini bildiriblər.

Deputatlar Gəncədə vahid idarəetmənin təşkilinin onun gələcək inkişafı baxımından səmərəli olacağına inamlarını bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

***09:15

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclasda iki məsələ müzakirəyə çıxarılacaq.

Bunlar “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsidir (birinci oxunuş).

Birinci layihəyə əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Belə ki, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Ancaq bu rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

Digər layihədə Gəncə şəhərində Nizami və Kəpəz bələdiyyələrinin əhatə etdiyi ərazi vahidləri dəyişir. Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Anar Kəlbiyev