Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi müşaviri Filip Tişu ilə görüşüb. Bildirilib ki, Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

"Unikal" xəbər verir  ki, Dövlət Komitəsinin sədr müavini bu illər ərzində məcburi köçkünlərə göstərilən humanitar dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və ləyaqətli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

Qonağa işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat verilib. Fuad Hüseynov nəzərə çatdırıb ki, işğaldan azad edilmiş bir neçə  şəhərin Baş planı təsdiq edilib və digərlərinin də Baş planları yaxın zamanlarda təsdiqlənəcək. Bu ilin əvvəlindən işğaldan azad olunmuş Şuşa və Ağdam rayonlarına müntəzəm avtobus səfərləri təşkil olunur. İşğaldan azad olunmuş digər rayonlara avtobus xətləri planlaşdırılır. 

Fuad Hüseynov vurğulayıb ki, post-münaqişə dövründə Ermənistan tərəfindən iki dəfə təqdim olunan mina xəritələrinin etibarlılığı həqiqəti əks etdirmir. Bu ərazilərin kütləvi minalanması yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlə aparılmasına baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları vətəndaşların həlak olması və ağır xəsarət alması ilə nəticələnir.Filip Tişu səmimi qəbula görə

təşəkkürünü bildirib. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğunu vurğulayıb. Ötən il Ağdam şəhərinə səfər etdiyini qeyd edən qonaq şəhərin dağıntıları ilə tanış olduğunu, bu görüntülərdən sonra həm təəccüb, həm də təəssüf hissi keçirdiyini ifadə edib. 

Sonda Filip Tişu gələcək əməkdaşlığın mümkün imkanlarından söz açılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.