Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Futbol  Federasiyaları Assosiasiyası tərəfindən Gəncədə mini futbol meydançaları əsaslı təmir olunub. 

"Unikal" xəbər verir ki, təmirdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivinin, Gəncə İctimai İştirakçılıq Məclisinin üzvlərinin, idmançılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılış mərasimi baş tutub.

Əvvəlcə rəsmilər Yeni Gəncə yaşayış massivində yerləşən meydançaya baxış keçiriblər, daha sonra  Zülfü Hacıyev küçəsindəki meydançada olublar. Bildirilib ki, hər iki mini futbol meydançasına asfalt, ardından süni qazon örtüyü döşənib, ətrafına dəmirdən hasar çəkilib, idmançıların burada rahat məşq etmələri üçün hər cür şərait yaradılıb. Növbəti mərhələdə meydançalarda soyunub-geyinmə otaqlarının inşası nəzərdə tutulub. 

Tədbirdə Elxan Məmmədov Niyazi Bayramova hər iki meydançanın rəmzi açarlarını təqdim edib. 

AFFA-nın icraçı vitse-prezidenti: “Bölgələrə gedəndə hər zaman nəticə qazanmağa, irs yaratmağa çalışırıq. Gəncədəki meydançalar bu irsin sübutudur. Son səfərin üstündən üç ay vaxt keçib və artıq bu gün iki meydançanın açılışını etdik”.

Niyazi Bayramov ölkəmizdə idamana göstərilən diqqət və qayğıdan bəhs edib. O bildirib ki, bu meydançaların əsaslı təmiri gənc və yeniyetmə idmançıların gələcək karyeralarının təməlinə bir növ təkandır.

Daha sonra rəsmilər Gəncə Futbol Akademiyasında görülən işlərlə tanış olub, stadiona baxış keçirib, arenanın mövcud vəziyyəti ilə maraqlanıb.