"Azərsu" ASC Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində əhalinin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına yeni layihənin icrasına başlayıb.

Bu barədə "Unikal"a qurumdan bildirilib.

Məlumata görə, layihə çərçivəsində qəsəbənin Murad Mirzəyev küçəsində mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələri yaradılır.

Bu ərazidə indiyədək mərkəzləşdirilmiş şəbəkə olmadığından içməli su təchizatında çətinliklər yaranırdı. Sakinlərin çəkdiyi, tikinti normalarına cavab verməyən fərdi xətlər normal su təchizatının aparılmasına imkan vermirdi. Tez-tez baş verən qəzalar hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradırdı. Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına ərazidə 2,5 km paylayıcı şəbəkə inşa edilib və evlərə birləşmə verilib. Layihənin icrası nəticəsində 850 fərdi yaşayış evi dayanıqlı olaraq su ilə təchiz olunacaq.

Ərazidə kanalizasiya şəbəkəsinin olmaması da burada yaşayan əhali üçün ciddi problemlər yaradırdı. Payız-qış aylarında tullantı, qrunt və yağış suları həyətlərə və evlərin zirzəmilərinə dolurdu. Yeni kanalizasiya xətlərinin çəkilməsi ilə sakinlərin bu problemi aradan qalxacaq.

“Azərsu”yun daxili imkanları hesabına Zabrat qəsəbəsi ilə yanaşı, Binəqədi, Saray, Aşağı Güzdək, Bayıl və Türkan qəsəbələrində, həmçinin Hacıqabul və Goranboy rayonlarının bəzi kəndlərində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra olunur.