“30 ildən sonra Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək ona məxsus olan əraziləri geri qaytardı və bütün dünya Qarabağda, Şərqi Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma infrastrukturunun qəsdən məhv edilməsi faktını öz gözləri ilə gördü".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova deyib.

Rektor bildirib ki, bu ərazilərə sahib olduqları 30 ilə yaxın müddətdə ermənilər bütün tarixi-memarlıq abidələrini dağıdıblar, şəhərləri yer üzündən siliblər. 

"Beynəlxalq konvensiyaları, xüsusilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və ona dair Protokolları, habelə YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” Konvensiyasını pozaraq, işğalçılar memarlıq abidələrini dağıdıb və ya “erməniləşdirmək” məqsədi ilə saxtalaşdırıb, tətbiqi sənət abidələrini ölkədən kənara çıxarıb, sonradan özlərininki kimi təqdim ediblər”.

İşğaldan azad olunmuş torpaqlarımızda başlayan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və təəssüf ki, 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir. 

“Bu konfransın keçirilməsində məqsəd Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təklifləri hazırlamaqdan ibarətdir".

Anar Kəlbiyev