“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Aqrar Tədqiqatlar Mərkəzi” və “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin tərəfdaşlığı ilə “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib. Aqrar sahədə ikinci dəfə reallaşdırılan “Aqro Data” layihəsinin bağlanış mərasimi Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, Azərbaycan-Fransız Universitetinin Kompüter mühəndisliyi üzrə Proqram Koordinatoru Samer El Zantın iştirakı ilə Azərbaycan-Fransız Universitetində (UFAZ) baş tutub.

"Unikal" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev gənclərə yeniliklərə açıq olmağı və fəaliyyətlərini aqrar sahədə davam etdirməyi tövsiyə edib. Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün data analitikasının incəliklərini öyrənməyi tövsiyə edib. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev isə çıxışında təşkilatın fəaliyyəti, gələcək perspektivləri, şəxsi inkişaf və aqrar sahədə gənclərin rolundan bəhs edib. 
Azərbaycan-Fransız Universitetinin Kompüter mühəndisliyi üzrə Proqram Koordinatoru Samer El Zant çıxışında data analitikasının əhəmiyyətini vurğulayaraq müasir dövrün tələblərinə uyğun olaraq gənc iştirakçılara bu sahədə təkmilləşməyi məsləhət bilib. 

Layihə çərçivəsində kənd təsərrüfatı və data analitikası modulları əsasında bir sıra təlimlər həyata keçirilib. Aqrar sahədə data analitikasının tətbiqi istiqamətində gənclərin məlumatlandırılması məqsədilə təlimlərə bu sahədə peşakarlaşmış mütəxəssislər cəlb olunub. Bəhruz Nuriyev, İzzət Talıbov, Pərviz Əliyev, Behbud Ramazan, Surxay Novruzlu, Bayramov Səhman, Firdovsi Fikrətzadə, Günel Musayeva və digər peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərdə gənclər aqrar sahə və data analtikası ilə bağlı zəruri biliklərə yiyələniblər. Həyata keçirilən səfər və təlimlər nəticəsində gənclərin əldə etdikləri biliklərin yoxlanılması məqsədilə praktiki komanda tapşırıqları icra olunub. 

Bağlanış mərasimində iştirakçılar kənd təsərrüfatı, data analitikası və digər modullar üzrə keçirilən təlimlər və tapşırıqlar əsasında öyrəndikləri bilik və bacarıqları nümayiş etdirmək üçün təqdimatla çıxış ediblər.

Sonda layihə iştirakçılarına sertifikat təqdim edilib.