Uşu üzrə ikiqat Dünya Kubokunun mükafatçısı və dördqat Avropa çempionu Yevgeniya Stepanova iyulun 30-da axşam saatlarında Vladimirdə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. İdmançının 24 yaşı var idi. 

"Unikal" xəbər verir ki, Vladimir vilayətinin Uşu Federasiyasının prezidenti Aleksandr Abramov faciə ilə bağlı məlumat verib. 

"Evgeniya Stepanova beynəlxalq dərəcəli idman ustası, dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun qalibi olub. Onun 24 yaşı var idi ".

İyulun 30-da axşam saatlarında Evgeniyanın getdiyi “Volkswagen” markalı avtomobil qarşıdan gələn zolağa çıxıb və avtobusa çırpılıb. Qəza nəticəsində Yevgeniyadan başqa, “Volkswagen”in sürücüsü və ön oturacaqda oturan sərnişin də dünyasını dəyişib. İdmançının dostu sağ qalıb və reanimasiyadadır. 

"Yevgeniyanın onunla arxa oturacaqda əyləşən dostu hazırda reanimasiyadadır ", - Abramov əlavə edib. 

Bundan başqa, avtobusun sərnişinləri də yaralanıb. Qəza faktı üzrə cinayət işi başlanıb. 

Evgeniya Stepanova 2014-cü ildə gənclər arasında ilk Avropa çempionatının qalibi olub, 2016-cı ildə artıq böyüklər arasında Avropa çempionu olub. 2018-ci ildə Pekində keçirilən Dünya Kubokunda bürünc, bir il sonra isə Kazanda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.