ABŞ və Albaniyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının İranda insan haqlarının pozulması ilə bağlı qeyri-rəsmi iclası keçiriləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 2-də təşkil olunacaq iclasda İranda polis nəzarətində olan gənc qadının ölümündən sonra başlanan etirazlar müzakirə ediləcək və bu ölkədə insan haqlarının pozulması ilə bağlı etibarlı, müstəqil araşdırmaların aparılmasının yolları axtarılacaq.

Toplantıda, həmçinin İranda qadınlara, qızlara, dini və etnik azlıqların nümayəndələrinə qarşı repressiyalara xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, İranda əxlaq polisi ötən ay 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyi üçün təzyiqlər göstərib və o, polis nəzarətində ikən qətlə yetirilib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb.