Moskvada fitnes-klubda öldürülən, "Alik Rıjiy" kimi tanınan kriminal avtoritet Əli Heydərov barəsində cinayət işi üzrə istintaq başa çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə noyabrın 1-də Rusiya İstintaq Komitəsinin (İK) saytında məlumat verilib.

İstintaqla müəyyən edilib ki, 2021-ci il aprelin 12-də Moskva şəhərinin Aviatsionnaya küçəsindəki yaşayış kompleksində yerləşən fitnes klubunun ərazisində Azərbaycan vətəndaşı Mətləb Sultanov Ə.Heydərovu qətlə yetirib. Təqsirləndirilən şəxs zərərçəkənə 5 dəfə atəş açıb, sonra qaçıb. Heydərov sui-qəsd nəticəsində hadisə yerində ölüb.

"Moskva İstintaq Komitəsinin müstəntiqləri, Rusiya Federal Təhlükəsizlik Xidməti və Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə işi zamanı qısa müddət ərzində hadisəni törədən şəxsin şəxsiyyəti müəyyən edilib və o, ərazidə saxlanılıb", - İstintaq Komitəsi qeyd edib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs şərikləri ilə cinayətə hazırlaşırmış. O, əvvəllər Heydərovun yaşadığı yaşayış kompleksində mənzil kirayələyib və iştirak etdiyi fitnes klubuna abunə olub.

Heydərovun qətlində şübhəli bilinən şəxs deyib ki, qətlə səbəb şəxsi münaqişə olub.

Sultanovun iki şəriki qaçmağa müvəffəq olub, onlara qarşı cinayət işi ayrıca icraata ayrılıb. Təqsirləndirilən şəxslər axtarışa verilib.

Ağarza Elçinoğlu