Martın əvvəlində rus qoşunları Kiyev vilayətinin Buça şəhərində kütləvi qətllər törədib.

"Unikal" xəbər verir  ki, "Associated Press" xəbər agentliyi bu fakta əsaslanaraq öz araşdırmasını dərc edib.

Araşdırma "Associated Press" xəbər agentliyi, "PBS Frontline podcast" yazıçılar və "SITU Research"in vizual məlumat analitikləri tərəfindən aparılıb. 

Belə  ki, jurnalistlər küçə müşahidə kameralarının videolarını təhlil ediblər. Rus hərbçilərinin telefon danışıqlarını ələ keçiriblər və  ruslar tərəfindən həyata keçirilən Buçanın "təmizləmə əməliyyatı" adlandırılan əməliyyatı yenidən qurublar. Alınan məlumat əsasında araşdırma müəllifləri baş verənlərin 3D modelində həyata keçiriblər.  

Jurnalistlər rusların Buçada filtrasiya apardıqlarını öyrəniblər: onlar evdən-evə gəzərək potensial təhlükəli vətəndaşları müəyyənləşdiriblər. Hərbçilərdə Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən tərtib edilmiş ad siyahıları var idi. Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər işgəncələrə məruz qalaraq öldürülüb.

İstintaq müəlliflərinin fikrincə, bu, rus qoşunlarının keçmiş münaqişələrdə, xüsusən də Çeçenistanda tez-tez istifadə etdiyi müqaviməti zərərsizləşdirmək və yerli əhalini qorxutmaq strategiyasıdır.

“Təmizlik”dən ən çox Yablonska küçəsi zərər çəkib. Burada, 144 saylı inzibati binada rus hərbçiləri qərargah təşkil ediblər. Onlar Buçanı tərk etdikdən sonra Yablonskada 40-a yaxın ölü mülki vətəndaşın cəsədi tapılıb.

Ukrayna Baş Prokurorluğu general-mayor Serhi Çubarıkinin komandanlıq etdiyi 76-cı Qvardiya Hava Desant Hücum Diviziyasının hərbi qulluqçularını Buçada hərbi cinayətlərdə şübhəli bilir. Onun rəisi general-polkovnik Aleksandr Çayko Rusiya Federasiyasının Şərq Hərbi Dairəsinin qoşunlarına komandanlıq edir.

Agentliyə çatan dinlənilən danışıqların səsyazmalarında rus əsgərləri öz qohumlarına dinc sakinləri güllələdiklərini etiraf edirlər.

Buçada qətliam törədən rus hərbçisinin səsyazısı:

“Bilirsinizmi, mən burada nə qədər dinc sakini öldürmüşəm? (Gülür) Düşünürəm ki, Buçada sakin qalmadı". 

Başqa bir əsgər həyat yoldaşına deyir ki, burada bütün ruslar içirlər, çünki alkoqolsuz həyat tamamilə dözülməzdir.

Xatırladaq ki, martın 31-də BMT-nin İnsan Haqları Şurasının prezidenti Federiko Villeqas Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törədilən hərbi cinayətləri və digər sui-istifadə hallarını araşdırmaq üçün komissiyanın yaradıldığını bəyan edib.

Qeyd edək ki , aprelin 4-də Ukrayna prezidenti Volodimir Zelenski rus hərbçiləri tərəfindən dağıdılmış Kiyev yaxınlığındakı Buça şəhərciyinə şəxsən baş çəkib, burada dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə dair sübutlar aşkar edilib. 

Gülayə  Mecid