“2023-cü il konfransına Rusiya rəsmiləri dəvət edilmir. Biz onlara təbliğatlarını yaymaq üçün platforma verməyəcəyik. Biz Rusiyanın gələcəyini rus müxalifəti və sürgündəki xadimləri ilə müzakirə etmək istəyirik, onların səsi eşidilməlidir”.

"Unikal" xəbər verir ki, bunu  konfransın prezidenti Kristof Heusgen Twitter-də yazıb.

Münhen Təhlükəsizlik Konfransı ən nüfuzlu beynəlxalq təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Burada onlarla ölkədən dövlət başçıları, nazirlər, tanınmış siyasi və ictimai xadimlər iştirak edir.

Konfransın təşkilatçıları Rusiyanın Ukraynaya hücumunu “nəinki ukraynalılara böyük iztirablar gətirən, həm də dünyanın müxtəlif ölkələrində böhranı daha da dərinləşdirən dönüş nöqtəsi” kimi qiymətləndiriblər.

Xatırladaq ki, 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

Qərbdə geniş şəkildə tənqid edilən çıxışında Putin ABŞ və Qərbin digər ölkələrinin siyasətini tənqid edərək, Qərbin birqütblü dünya yaratmağa çalışdığını iddia edərək, NATO-nun genişlənməsini Rusiya üçün təhlükə adlandırıb.

Onun çıxışı Qərbə və digər uzaqgörən geosiyasi niyyətlərə meydan oxumağın sübutu kimi qiymətləndirilib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı hər il fevral ayında keçirilir.

Gültəkin Ələsgər