Müsəlmanlığı qəbul edən yəhudi əsilli amerikalı yazıçı Şems Fridlander 82 yaşında İstanbulda dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan Fridlander sabah günortadan sonra Fatih məscidindən son səfərinə yola salınacaq. Qrafik dizayner, fotoqraf, rəssam, şair, kinorejissor və təsəvvüflə bağlı kitabların müəllifi olan Fridlander İslam Araşdırmaları İnstitutu tərəfindən 2012-ci ilin ən nüfuzlu 500 müsəlmanından biri seçilib.

1940-cı ildə Nyu-Yorkda rus yəhudi ailəsində dünyaya gələn yazıçı universiteti bitirdikdən sonra Nyu-Yorkda qrafik dizayner kimi fəaliyyətə başlayıb və 1972-ci ildə Bruklin Musiqi Akademiyasına səma şousu vermək üçün gələn Mövləvilərlə tanış olub. Daha sonra mövləvilər tərəfindən Konyaya dəvət edilən Şems Fridlander ilk dəfə 1972-ci ildə Konyaya gələrək müsəlman olub.
Qahirədəki Amerika Universitetində 20 il professor kimi çalışdıqdan sonra 2014-cü ildə İstanbula köçən Fridlander həyatı boyu hər il, xüsusən də Seb-i Arus mərasimlərində Konyada olub.
Mövlana və dərvişlər haqqında 10-a yaxın kitabı olan müəllifin rəsmləri Nyu York və Qahirədə sərgilənib. Onun rəsmləri və fotoşəkilləri bir çox şəxsi kolleksiyalara daxil edilib.