Çeçenistan hakimiyyəti "Cihad-maşınları" adlı yüngül hərbi maşınların istehsalına başlamaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə region hökuməti bildirib. “Cihad-maşınlarının” Çeçenavto zavodunun bazasında yığılması planlaşdırılır. Model Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində sınaqdan keçirilməlidir.

Cihad maşınının istehsalına başlanılması məsələləri Çeçenistan Respublikası Hökumətinin sədri Müslüm Xuçiyev və regionun sənaye və energetika naziri Adam Hakimovun Sənaye və Ticarət Nazirliyinin rəhbərliyi ilə işgüzar görüşləri zamanı müzakirə olunub. 

Həmçinin qeyd edilir ki, regional hökumət hərbi texnikanın (o cümlədən zirehli texnikanın) təmiri və texniki xidməti üçün böyük mərkəzin yaradılması imkanlarını araşdırır. Dəmir yolunun logistika üçün əhəmiyyətini nəzərə alaraq, belə bir mərkəz Çeçenavto bazasında və ya Qroznı sənaye istehsalı tipli xüsusi iqtisadi zonanın ərazisində yaradıla bilər.

Daha əvvəl bildirilmişdi ki, 2023-cü ildə Çeçenistan Respublikasında “Çeçenavto” zavodunun bazasında avtomobil klasterinin formalaşdırılması planlaşdırılır. Şirkət Lada Granta avtomobillərini yığır və ötən ilin oktyabrında QAZ Qrupu ilə birlikdə yeni Gazelle Next modelinin yığılmasına başlanılıb. Səlahiyyətlilərin məlumatına görə, zavod ildə 16 min avtomobil istehsal etməyi planlaşdırır.