Afinaya enən “Ryanair” aviaşirkətinə məxsus təyyarəyə bomba qoyulması ilə bağlı məlumatın yalan olduğu üzə çıxıb.

"Unikal" xəbər verir ki,  bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.Bildirilib ki, “Boeing 738” tipli təyyarə yerli vaxtla saat 17:40-da (Bakı vaxtı ilə 19:40) Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.

Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb.

Hava gəmisində heç bir partlayıcı qurğu aşkar edilməyib.

20:42

Polşadan havaya qalxan İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində bomba olması barədə xəbərdarlıq siqnalı göndərilib və təyyarə Yunanıstanın “F-16” qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.

“Unikal” xəbər verir ki, artıq bu iş üzrə bütün yer və hava protokolları cəlb olunub. Hava limanında laynerin enişdən sonra götürüləcəyi xüsusi sahə ayrılıb.

Öz növbəsində “Proto Thema” qəzeti bildirib ki, söhbət göyərtəsində 192 nəfərin olduğu Boeing 738 təyyarəsindən gedir. Bomba siqnalından sonra xüsusi təyinatlı polis bölmələri Afina Beynəlxalq Hava Limanına göndərilib.

Təyyarə Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Sərnişinlər və ekipaj üzvləri sürətlə təxliyə edilib. Təyyarəni müşayiət edən F-16 qırıcıları Volos şəhəri yaxınlığındakı hava bazasına qayıdıb.

Müntəzəm reys həyata keçirən “Boeing 738” Katovitse şəhərindən Afinaya uçurmuş.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Afina hava limanında təyyarə partlayıcı qurğular üzrə ixtisaslaşmış polis bölməsi tərəfindən yoxlanılacaq.