Özbəkistanda iyulun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə start verilib.

"Unikal" xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyası (MSK) gələn ay ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə başlandığını elan edib.

Buna uyğun olaraq, prezidentliyə namizədlər bu gündən etibarən seçki təbliğatı apara biləcəklər. 4 prezidentliyə namizədin mübarizə apardığı seçki kampaniyası iyulun 7-də başa çatacaq.

MSK-nın ötən həftə keçirilən iclasında siyasi partiyaların prezidentliyə namizədlərinin ərizələri qəbul edilib. Müvafiq olaraq, MSK tərəfindən Özbəkistan Liberal Demokrat Partiyasından prezident Şövkət Mirziyoyev, Xalq Demokratik Partiyasından Uluqbek İnayətov, Özbəkistan Ekologiya Partiyasından Abduşkur Həmzəyev və Ədalət Sosial Demokrat Partiyasından Roba Mahmudovanın prezidentliyə namizəd kimi qeydə alınması qərara alınıb. 

Qeyd edək ki, Özbəkistanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırılıb.