Ukrayna-Moldova dövlət sərhədində Yampol (Ukrayna) - Koseuts (Moldova) yaşayış məntəqələri yaxınlığında yeni körpü tikiləcək.Tikinti müqaviləsini Ukraynanın baş nazirinin müavini Aleksandr Kubrakov və Moldovanın infrastruktur naziri Liliya Dabija imzalayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, körpünün ümumi uzunluğu 1400 metrdən çoxdur. Süni tikilidə hər iki tərəfdən piyada səkiləri olan 2 hərəkət zolağı olacaq.

Yampol körpüsü bir neçə ildir fəaliyyət göstərməyən, zamanın tələblərinə və uzun müddət sakinlərin real tələbatlarına cavab verməyən Yampol-Koseuts sərhəd keçid məntəqəsindəki bərə keçidinə alternativ olacaq.

Həmçinin, körpü Ukrayna və Moldova arasında demək olar ki, bütün nəqliyyat axınının keçdiyi “Mogilyov-Podolski-Otaç” beynəlxalq keçid məntəqəsini boşaldacaq.