Turizm Strateji və Araşdırma Mərkəzi (TURSAM) kosmos turizmi ilə bağlı son hesabatı təqdim edib.

"Unikal" xəbər verir ki, lüks turizm növü olan kosmosa səyahət yüksək gəlirli şəxslər üçün nəzərdə tutulmaqla yanaşı, öz çətinlikləri ilə də fərqlənir. Buraya uçuş üçün nəzərdə tutulan təlimlər və testlər daxildir. Uçuşların isə iki növü var: Yer kürəsinin aşağı orbitinə təşkil olan uçuşlar və Yerin atmosferinə həyata keçirilən gündəlik uçuşlar.

Hazırda atmosferin aşağı hissəsinə turist daşıyan kosmik gəmi olmasa da, bu istiqamətdə işlər görülür. Buraya hər uçuşda 6 nəfəri kosmosa aparmaq üçün hazırlanan "SpaceShipTwo" və kosmik səyahət zamanı pilotun da şəxsin yanında əyləşəcəyi uçurları həyata keçirəcək "XCOR" komandası tərəfindən hazırlanmış nəqliyyat vasitələri daxildir.

"SpaceShipTwo" sözügedən uçuşları adambaşına 200 min dollara (təxminən 340 min 240 manat) təklif edir. Artıq 200-dən çox şəxs kosmik gəmidə səyahət etmək üçün ödəniş edib. 

Bu sahədə şirkətlərin gəlirlərinin 2023-2030-cu illər ərzində 4 milyard dollara çatması proqnozlaşdırılır. 

Qeyd edək ki, İlon Maskın "SpaceX" şirkəti 2008-2022-ci illər ərzində kosmik fəzaya 200 ədəd raket buraxıb. Cari ildə isə daha 88 raketin kosmasa göndərilməsi nəzərdə tutulur.

Ceff Bezosun "Blue Origin" şirkəti 2011-ci ildə Yerin aşağı orbitinə 3 nəfəri daşıyan kosmik gəmi ilə sınaq uçuşu həyata keçirib ki, biletin qiyməti 2,8 milyon dollar (təxminən 5 milyon manata yaxın) olub. Şirkət gələcəkdə sözügedən uçuşları daha ucuz həyata keçirmək istiqamətində işlər görür.

"Orion Span" şirkəti isə Yer kürəsindən 322 kilometr yüksəklikdə lüks kosmos hoteli inşa etməyi planlaşdırır. İki nəfər ekipaj üzvü və 4 qonaq üçün nəzərdə tutulan 6 nəfərlik ilk kosmik hoteldə qalmaq isə adambaşına 9,5 milyon dollara (təxminən 16 milyon manatdan çox) başa gələcək.