Messini meydanda qucaqlayan çinli azarkeşə bir il müddətinə matçlarda iştirak qadağan edilib.

"Unikal" xəbər verir ki, Avstraliya və Argentina yığmaları arasında keçirilən yoldaşlıq matçı zamanı Cənubi Amerika yığmasının kapitanı Lionel Messini qucaqlamaq üçün meydançaya qaçan bir azarkeşə Çin polisi bir il müddətinə stadiondan matçları izləməyə qadağa qoyub. 

“Çaoyang Rayon İctimai Təhlükəsizlik Bürosu artıq qanuna uyğun olaraq inzibati həbs tətbiq edib. Hadisəni törədən şəxs də əməlindən peşman olduğunu bildirib və ictimai təhlükəsizlik orqanlarının cəzasını qəbul edib”, - deyə polisin açıqlamasında bildirilir.

İyunun 15-də çinli azarkeş meydançaya qaçaraq Lionel Messini qucaqlayıb və stüardlar onu təqib edəndə o, argentinalı qapıçı Emiliano Martinez tərəfə qaçıb.

Bir neçə dəqiqə stadion işçiləri azarkeşə çata bilməyib. Daha sonra onu meydandan kənarlaşdırmaq mümkün olub.