"19 oktyabr 2020-ci il tarixli təklif kontekstində müharibənin dayandırılması üçün əlavə şərt kimi yeni fikir səsləndirilib. Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlılar təkcə Qarabağda və Laçın dəhlizi boyunca deyil, həm də Meğridə yerləşdirilməli idi. Mən də bununla razılaşmadım”. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibəni araşdıran İstintaq Komitəsinin iclasında dindirilməsi zamanı bildirib. 

"Bəli, mən buna razı olmadım ki, Ermənistan ərazisində Ermənistanın nəzarətində olmayan təbəqə yaranmasın. Dedim ki, yolda razıyam, amma dəhlizdə yox. Yeri gəlmişkən, bu məsələ ilə bağlı mövqeyim indiyədək dəyişməyib", - deyə Paşinyan qeyd  edib. 

Baş nazir 44 günlük müharibə zamanı Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışıqlarının təfərrüatlarını təqdim edib: "13 oktyabr 2020-ci ildə mən Rusiya Federasiyasının prezidentindən birbaşa suala cavab verməsini xahiş etdim: atəşkəs yaratmaq və müharibəni dayandırmaq üçün nə etməliyəm? Oktyabrın 16-da mən eyni məsələ ilə bağlı daha ətraflı müzakirə apardım və Rusiya prezidenti belə bir fikir bildirdi ki, Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən 5 rayonun qaytarılması müqabilində müharibənin dayandırılmasından danışmaq olar, statusunun qeyri-müəyyənliyi ilə. Həmin gün biz Rusiya Federasiyasının prezidenti ilə razılaşdıq ki, komandalara bu ideyanın kristallaşması istiqamətində işləmək tapşırılsın". 

O, Fransa liderinin bu barədə təşəbbüsü barədə də bəhs edib: "Məlum olduğu kimi, 2020-ci il oktyabrın 17-də Fransa prezidenti təşəbbüslə çıxış etdi. O, mənə bildirdi ki, Azərbaycan prezidenti oktyabrın 18-i gecə yarısından heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razıdır. Mən təbii ki, bununla razılaşdım və bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan arasında atəşkəs bəyannaməsi təsdiqləndi". 

Ağarza Elçinoğlu