Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin ukraynalı millətçilər Stepan Bandera və Roman Şuxeviçi Ukraynanın qəhrəmanları adlandırmasını tənqid edib.

"Unikal" xəbər verir ki, səfirin həmin sözləri İsrailin İTON-TV internet portalına müsahibəsində səslənib: “Əlbəttə, bu qəhrəmanları bəyənmirik, lakin ukraynalıların əksəriyyəti üçün onlar müstəqillik uğrunda mübarizə aparan qəhrəmanlardır”.

Zaxarova qeyd edib ki, o, yuxarıda adları çəkilən şəxslərə İsraildə Kiyevdəkindən fərqli baxıldığını etiraf edib, çünki yəhudilər onların nasizm ideologiyasını dəstəklədiklərini xatırlayırlar.

"Mixail Brodski hansı "qəhrəmanlardan" danışa bilər?",- rusiyalı diplomat sualla çıxış edib və bildirib ki, 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində Almaniyada  da “cəmiyyət öz qəhrəmanlarını axtarırdı”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi öz Telegram kanalında yazıb: "Bunlar qəhrəman deyil, cəhənnəm zəbanilərdir, Ukrayna xalqı üçün biabırçılıqdır". 

"Bu, nasizmin tərənnümüdür", - Zaxarova əlavə edib.