Respublika üzrə taxıl sahələrinin 38,9 faizində biçin yekunlaşıb. İyunun 25-nə olan operativ məlumata görə, 410237 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 792444 ton arpa və 523354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30,4 sentner, buğda üzrə 34,9 sentner təşkil edir. 

"Unikal" xəbər verir  ki, artıq Aran rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir. Bugünədək payızlıq arpa sahələrinin 65 faizi biçilib, yaxın günlərdə dağətəyi bölgələrdə arpa biçininə start veriləcək. 

Bu mövsüm Ağcabədi rayonunda 38290 hektar sahədə payızlıq taxıl əkilib. İyunun 25-dək 9924 hektar sahədə biçin başa çatıb. Sahələrdən 40 min tondan çox məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 40 sentnerdən yuxarıdır. Ağcabədi rayonunda xüsusilə buğda üzrə məhsuldarlıq göstəricisi yüksəkdir. Biçin başa çatmış buğda sahələri üzrə orta məhsuldarlıq göstəricisi 46 sentnerə çatıb. 

Hazırda rayonun taxıl sahələrində 43 kombayn biçin aparır. Bunlardan 35 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan və digər bölmələrdən dislokasiya edilmiş kombaynlardır. Biçin prosesinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 8 özəl kombayn cəlb olunub. 

Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1491 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 112952 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.    

Qeyd edək ki, bu il ölkə ərazisində 1 milyon hektardan artıq sahədə taxıl əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.