Serbiyada əhalidən qanunsuz silahların yığılması kampaniyasının başladığı 2023-cü il mayın 8-dən bu günədək 100 min ədəd silah və mina-partlayıcı qurğu təhvil verilib.

"Unikal" xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu barədə TV Pink telekanalına müsahibəsində deyib.

“Bu günə qədər 100 min ədəd silah və mina-partlayıcı qurğu, həmçinin 4 milyon ədəd sursat təhvil verilib”, - deyə dövlət başçısı bildirib.

Mayın 7-də Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə hüquqi nəticələri olmadan qanunsuz silahların təhvil verilməsi üzrə kampaniyanın başladığını elan edib. Buna son vaxtlar ölkədə odlu silah işlətməklə bir neçə ağır cinayət hadisəsinin törədilməsi səbəb olub. Əvvəlcə kampaniyanın iyunun 8-də bitəcəyi nəzərdə tutulsa da, sonradan həmin müddət iyunun 30-dək uzadılıb. Kampaniya zamanı vətəndaşlar mənşəyini izah etmədən qanunsuz silah və sursatı polisə təhvil verə biləcək. Bunu etməyən insanları isə 15 ilədək həbs cəzası gözləyir.