Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Suriyada itkin düşmüş şəxslərin araşdırılması ilə məşğul olacaq təşkilatın yaradılacağını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Baş Assambleyası qətnamə qəbul edib.

Suriya, Rusiya və Çin qərara qarşı əleyhinə səs veriblər.

Qətnamədə BMT Baş Assambleyasının Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tanıdığı bir daha qeyd olunub.

Suriyadakı ailələrin itkin düşənlərin yaxınlarının taleyindən xəbər tutmaq haqqına malik olduğu qeyd edilərək ailələrin əzablarının yüngülləşdirilməsində indiyədək çox az irəliləyiş əldə olunduğu bildirilib.

Qətnamədə itkin düşənlərin taleyini öyrənmək və sağ qalanlara dəstək vermək üçün BMT-nin himayəsi altında Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilatın yaradılması qərara alınıb.

Xatırladaq ki, 2023-cü ilin mart ayında BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasını Suriyada itkin düşmüş şəxslərin taleyini və harada olduqlarını müəyyən etmək və həlak olanların yaxınlarına dəstək vermək üçün yeni beynəlxalq təşkilat yaratmağa çağırmışdı. Vəziyyətin aktuallığını vurğulayan A.Quterreş "Təxminən 100 min suriyalının taleyi və harada olduğu naməlum olaraq qalır. Bu ağrılı vəziyyəti həll etmək üçün qətiyyətli və sürətlə hərəkət etməliyik" -deyə bildirmişdi.