"Əlbəttə, hələ də həllini tapmamış problemlər var, amma mən açıq şəkildə deyə bilərəm ki, İrəvan sülh gündəmində qətiyyətlidir və sabit sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Amerikanın səsi"nə müsahibəsində deyib. 

Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı sualı cavablandıran Qriqoryan vurğulayıb ki, Qarabağ problemi heç vaxt ərazi problemi olmayıb: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Praktikada belədir. Bizim həyata keçirmək istədiyimiz yeganə müzakirə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı aparılan müzakirələrdir. Bu baxımdan hesab edirəm ki, irəliləyiş olarsa, heç bir ərazi problemi olmayıb və olmayacaq".

Qriqoryan Qarabağdakı rus sülhməramlıları ilə bağlı sualı da cavablandırıb: "Rusiya sülhməramlılarına gəlincə, Stepanakertdə (Xankəndi - red.) mövcud olan gözləntilər özünü doğrultmur. Bizim gözləntimiz ondan ibarətdir ki, sülhməramlılar öz missiyasını tam şəkildə yerinə yetirsinlər". 

Ağarza Elçinoğlu