İspaniyada suvenir mağazalarından biri “sadəcə baxmaq üçün” gələn turistlərdən pul alacaq.

“Unikal” “The Local” nəşrinə istinadən xəbər verir ki, Barselonada yerləşən mağaza sahibinin sözlərinə görə, hər gün onlara çoxlu sayda turist gəlir, lakin onların çoxu mal almır, sadəcə olaraq çeşidə baxaraq, bina daxilində növbələr yaradır. Cavab olaraq mağaza sahibləri elan yerləşdiriblər ki, “sadəcə baxan” ziyarətçilər 5 avro ödəməlidirlər.

Mağazanın menecerlərindən olan Toni Merino bildirib ki, o və tərəfdaşları əslində turistlərdən pul almaqda maraqlı deyillər, lakin vitrində yerləşdirilən elandan sonra ona baxanların sayını xeyli azaldıb.

Sosial şəbəkə istifadəçiləri bu təşəbbüsə dəstək verməyib və mağaza rəhbərliyini həddindən artıq tamahkar olmaqda ittiham ediblər. Bununla belə, Toni bildirib ki, onlar yeni qaydadan imtina etməyəcəklər. Çünki onun mənfi cəhətlərindən daha çox müsbət cəhətləri var.

Nuranə Abbasova