Bəzi iri məmurların rayonlara səfəri nəyi dəyişəcək?
Bəzi iri məmurların rayonlara səfəri nəyi dəyişəcək?

İctimai rəydə yüksək vəzifəlilərin paytaxtdan əyalətə bir neçə günlük "köç"ündən gözləntilər çox azdır

Bu gündən nazirlik, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlar 2 aprel tarixindən başlayaraq respublikanın şəhər və rayonlarında vətəndaşlar üçün qəbul günləri keçirəcəklər.

Xatırladaq ki, bu il fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara vətəndaşlarla bağlı tapşırıqlar verilmişdi.
Ölkə başçısı bununla bağlı demişdi: "Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqir edilməməlidir, incidilməməlidir... …Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır…".
Əlbəttə, iri məmurların vətəndaşlarla görüşə getməsi və onlar üçün qəbul saatları təşkil etməsi təqdirəlayiq haldır. Amma yenə də ortaya müəyyən məqamlar çıxır.
Əvvəla, bəzi nazir və komitə sədrlərinin yadlarına əyalətlərdə yaşayan əhalinin məhz seçki ilində düşməsi diqqət çəkir. Halbuki hər gün KİV-lərdə oxuduğumuz vətəndaş şikayətlərindən, eləcə də özümüzün müşahidələrimiz əsasında deyə bilərik ki, əhali iri məmurların qəbullarına düşməkdə çətinlik çəkirlər. Onlarla vəzifəli şəxslərin arasında başqa vaxt sanki bir "Çin səddi" çəkilir. Ancaq indi - seçki ilində bu "sədd"in yıxılmağa çalışılması təqdirəlayiq olsa da, əgər bu qarşıdakı aylarda, illərdə də davam etməsə, məmurlarla vətəndaşlar arasında uzun zamandan bəri get-gedə dərinləşən uçurum aradan qaldırılmasa, bu gündən başlayan və bir neçə gün davam edəcək görüşlərin, qəbulların da mənası qalmayacaq.
İkinci bir məqam ondan ibarətdir ki, hətta ölkə başçısının özü rayonlara davamlı səfərlər edib, bölgələrin sosial-iqtisadi durumu, əhalinin vəziyyəti ilə yerindəcə tanış olmağa xüsusi üstünlük verdiyi bir vaxtda bəzi nazir və ya komitə sədrləri niyə Bakıdakı kabinetləri ilə kifayətlənir, ilboyu bölgələrə baş çəkməkdə həvəssiz görünürlər? Dövlət rəhbərinin təcrübəsindən nəticə çıxarmaq onlar üçün niyə bu qədər çətindir?
Nəhayət, üçüncü məqam nazirlərin bölgələrə səfərlərinin əməli nəticələrinin olacağına, bu səfərlər zamanı keçiriləcək görüşlərin və qəbulların ciddi sosial-iqtisadi problemlərin və narazılıqların hökm sürdüyü rayonlarda müsbət, köklü dəyişikliklər yaradacağına dair ictimai rəydə inamsızlığın hökm sürməsidir. Əksəriyyət həmin səfərlərin formal olduğunu, seçki ilinə hesablanmış jestdən başqa heç bir əhəmiyyət daşımayacağını düşünür. Məsələn, biz bu yazını hazırlayarkən saytların birində məmurların bölgələrə səfəri ilə bağlı tanınmış hüquq müdafiəçisi, İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadovanın maraqlı fikirləri ilə rastlaşdıq və mövzu ilə əlaqədar ictimai rəyin nə düşündüyünü anlamaq baxımından həmin fikirləri oxucularımızla paylaşmağı məqsədəuyğun hesab etdik: "İl ərzində yığılıb qalan problemlərin birgünlük görüşlə həll olunacağına az inanıram. Təşəbbüs kimi yaxşıdır. Nazirlər çox sağ olsunlar. Bu görüşlər müsbət nəticə verərsə, sevinərəm. Amma nazir Bakıdan durub rayonlara gedəcək və mövcud problemlər həll olunacaq - mən bunun hər hansı mexanizmini görmürəm. Misal üçün, həmin görüşdə bir nəfər istintaqın düzgün aparılmamasından şikayət etsə, o məsələni necə çözəcəklər? Deyəcəklər ki, bunu nəzarətə götürün, amma yenə də əvvəlki kimi araşdırma aparılmayacaq. Bu görüşlər "quş" qoymaq xətrinə keçirilən tədbirlərdir".
Və sonda: hələ onu demirik ki, bu səfərlərlə paralel rayonlardan kimlərinsə qəbullara düşmədiyi, onların görüşlərə buraxılmadığı, daha çox öyrədilmiş adamların iri məmurların qarşısına çıxarıldığı barədə xəbərlər gəlməyə başlasın. Gəlin razılaşaq ki, Azərbaycan reallığında bu, çox təbii görünərdi.
Ülviyyə Qasımlı