Məmur şirkətlərində üsyan qorxusu
Məmur şirkətlərində üsyan qorxusu

Bəzi oliqarxların holdinqlərində böyük narahatlıq

Son vaxtlar bəzi məmurlar öz himayələrindəki şirkətlərdə nəzarəti gücləndiriblər. Buna bəzi başqa şirkətlərdə işçilərin əmək hüquqlarının tapdanmasına və maaşlarının azlığına etiraz əlaməti olaraq piketlər təşkil etməsi, tətillər keçirməsi səbəb olub.
Məmurları bunda narahat edən iki məqam var. Birinci məqam onların öz holdinqlərinin gələcəyinin qeydinə qalmalarıdır. Yəni seçki ilində şirkətlərində hər hansı xoşagəlməzliyin baş verməsi istər həmin şirkətlərin taleyi, istərsə də ona nəzarət edən məmurların karyerası baxımından pis vəziyyət yarada bilər. Yəni bəzi iri vəzifəlilər həm özlərinin, həm də biznes strukturlarının taleyini zərbə altında qoymamaq baxımından əl-ayağa düşüblər, şirkətlərində iş qaydalarını xeyli sərtləşdiriblər.
İkinci məqam isə ondan ibarətdir ki, heç bir məmur indiki vəziyyətdə şirkətlərində sosial tələblərlə aksiyaların təşkilində maraqlı deyillər. Bunun da sadə səbəbi var. Əvvəllər işçilərini etirazlarına, narazılıqlarına sərt reaksiya vermək, onları işdən qovmaqla hədələmək və ya cəzalandırmaq
mümkün idi. Amma etibarlı qaynaqlardan "Unikal"a daxil olan məlumata görə, bütün dövlət və qeyri-dövlət müəssisələrinə işçilərin ixtisarı və ya başqa formada işdən uzaqlaşdırılması ilə bağlı addımlardan çəkinmək tapşırılıb. Bunun da səbəbi ikidir - əvvəla, işdən azad edilənlərin öz etirazlarını daha sərt formalarda davam etdirə biləcəkləri təhlükəsi; ikincisi - seçki ilində hökumətdən narazıların sırasının genişlənə biləcəyi riski.
Buna görə də iri məmurlar öz nəzarətlərindəki şirkətlərdə etiraza qalxan işçiləri cəzalandırmaq lüksündən məhrumdurlar və məcburdurlar ki, onların sosial tələblərini yerinə yetirərək narazılıqları sakitləşdirsinlər. Bu isə onların "ziyan"a düşməsi deməkdir: maaşları artırmaq, əmək müqavilələri bağlamaq, tibbi sığortanı təmin etmək - bunlar hamısı oliqarxların holdinqlərinin cibindən gedəcək.
Ona görə də belə bir situasiya ilə qarşılaşmamaq üçün bəzi məmurlar başqa yol seçiblər: onlar şirkət daxilində nəzarəti gücləndiriblər, işçilər arasında hər hansı etirazlardan çəkinmək üçün təbliğata start veriblər. İctimai və sosial fəallığı ilə seçilən işçilər bir çox şirkətlərdə xüsusi diqqətdədir ki, hər hansı şıltaqlıq etməsinlər.
Bununla belə, mənbələrimiz istisna etmirlər ki, bəzi iri çinli vəzifəlilərin şirkətlərində qarşıdakı aylarda hansısa sosial tələblər eşidilsin. Çünki işçilər, fəhlələr də başa düşürlər ki, qarşıdan gələn seçkilər çalışdıqları şirkətlərdən nələrsə qoparmaq üçün yaxşı imkandır.
Belə bir imkanı və fürsəti əldən qaçırmaq istəməyənlərin olacağı isə bəzi biznesmen-məmurlara yeni narahatlıqlar yaradır.

Ülviyyə Qasımlı